Müvafiq icazələri olmadan qanunsuz olaraq ov edən və balıqçılıqla məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Qazax rayonunda idarənin inzibati ərazisinə daxil olan Qarayazı Dövlət Təbiət Qoruğunda həyata keçirilən tədbir zamanı elektrik avadanlıqları ilə qanunsuz olaraq balıq ovlayan rayon sakini Kərəm Mansurov saxlanılıb. Araşdırma zamanı həmin şəxsin balıqçılıqla məşğul olması üçün heç bir icazəsinin olmadığı məlum olub. Kərəm Mansurovla aparılan profilaktik söhbət zamanı ona elektrik avadanlıqları ilə balıq tutmanın təhlükəli olduğu və bu halın suda yaşayan canlıların kütləvi məhvinə səbəb olduğun izah edilib.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdalıqlara baxmayaraq brokenyerliklə məşğul olan şəxslərə qarşı daha bir tədbir Qaradağ rayonu Sahil qəsəbəsində həyata keçirilib. Həmin ünvanda qanunsuz olaraq dənizdə tor quraraq balıq ovlayan paytaxt sakinləri Nəriman Abdullayev və Ziyafət Məcidov saxlanılıblar. Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu ilə məşğul olan zaman istifadə etdikləri qayıq, tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları müxtəlif növ balıq aşkar olunaraq götürülüb. Sorğu zamanı bu şəxslərin heç birinin balıqovlama biletinin olmadığı məlum olub.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərlə mütəmadi olaraq profilaktik söhbətlər aparılır. Həmin şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür. Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub.
Həmçinin idarənin inzibati ərazisinə daxil olan Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında qanunsuz olaraq ovçuluqla məşğul olan, adı "Qırmızı” kitaba düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri davam etdirilir. Həmin şəxslərə xəbərdarlıq edilir ki, qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq ediləcək.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq qətiyyətlə davam etdirilir.
Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və adları sadalanan qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.