Son zamanlar ABŞ və Avropa ölkələrində polis zorakılığı ilə bağlı bir sıra faktlar qeydə alınır. Polisin vətəndaşlara qarşı amansız davranışı çox vaxt xəsarət bəzən isə hətta ölümlə nəticələnir. Lakin bəzi beynəlxalq təşkilatlar və qurumlar bu hadisələri görməzlikdən gəlir.
Polis zorakılığını əks etdirən bu görüntülər ABŞ-da qeydə alınıb.
Hadisə ötən gün Corciya ştatında baş verib. İki polis əməkdaşı bir qaradərili vətəndaşı belə saxlayıb.
Görüntülərdə aydın şəkildə polisin köməksiz vətəndaşa qarşı amansız rəftarı əks olunur. Polisin təzyiqinə məruz qalan Roderik Valker adlı vətəndaşın boğulması ilə bağlı yalvarışları isə heç bir nəticə vermir.
Qeyd edək ki, son zamanlar ABŞ-da polis zorakılığı ilə bağlı xeyli sayda hadisələr qeydə alınır ki, bu da vaxtaşırı ölkənin bir sıra ştatlarında on minlərlə insanın iştirak etdiyi aksiyalara çevrilir. Lakin həmin aksiyalar da əksər hallarda polisin etirazçılara qarşı güc tətbiq etməsi ilə sonlandırılır. Hətta bəzən polis nümayiş iştirakçılarına qarşı həqiqi güllələrdən istifadə etməkdən də çəkinmir. Buna misal olaraq ABŞ-da son hadisələrin başlanğıcı hesab olunan, qaradərili Corc Floydun saxlanan zaman polis tərəfindən boğularaq öldürülməsindən sonra ölkədə baş verən nümayişləri göstərmək olar.
Bu kadrlar isə ötən gün Fransada keçirilən "sarı jiletlilər" aksiyasındandır. Uzun fasilədən sonra yenidən hökumətə qarşı küçələrə çıxan "sarı jiletlilər" Fransa polisinin amansız rəftarı ilə qarşılaşıblar. Təkcə ötən gün keçirilən nümayişlər zamanı 275 etirazçı polis tərəfindən saxlanıb.
Eyni vəziyyət Böyük britaniyada,Almaniyada,İspaniyada da müşahidə edilir..Ancaq nədənsə özlərini insan hüquq və azadlıqlarının müdafiəçiləri elan edən beynəlxalq təşkilatlar və qurumlar ABŞ və Avropada müşahidə edilən bu vəziyyətlə, xüsusilə də təhlükəsizlik qüvvələrinin vətəndaşlara olan sərt və amansız davranışı ilə bağlı səssiz qalmağı üstün tuturlar. Hətta vəziyyət elə bir həddə çatıb ki, son zamanlar ABŞ və Avropada polis zorakılığına qarşı etiraz aksiyaları səngimək bilmir.
Azərbaycana gəldikdə isə həmin beynəlxalq təşkilatlar və qurumlar polislərin qanuni tələblərinə tabe olmayanlara qarşı tədbirlərini qəsdən konteksdən çıxarır, bunu tam fərqli biçimdə qələmə verməyə, təqdim etməyə çalışırlar. Lakin ölkədə baş verən son hadisələr, xüsusilədə koronavirus pandemiyasına qarşı tədbirlər fonunda Azərbaycan polisi vətəndaşlarla rəftarında daim nəzakətli və təmkinli olmağa çalışır, peşə fəaliyyətində güc tətbiqini ən son məcburiyyət kimi qəbul edir. Bakıda keçirilmiş son aksiyalar bir daha bu reallığı daha aydın göstərdi.