Xəzər Xəbər

Azərbaycanda ən müasir yol infrastrukturu qurulur - VİDEO

Veb TV | 21:11 • 13 Sentyabr 2020
Azərbaycanda ən müasir yol infrastrukturu qurulur -

Azərbaycanda müasir standartlara uyğun yol infrastrukturunun qurulması işləri davam etdirilir. Son illər istər yerli, istərsə də Respublika əhəmiyyətli yolların müasir səviyyədə yenilənməsi işləri daha geniş vüsət alıb. İndi bu yolların sayəsində ən ucqar dağ kəndlərinə belə gediş-gəliş asanlaşıb.

Azərbaycanın simasını başdan-başa dəyişən abad və müasir yollar ölkəmizin inkişafı üçün vacib amildir. Elə bu səbəbdən də yol infrastrukturunun müasir səviyyədə yenidən qurulması daim prioritetdir.

Prezident İlham Əliyev Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini əsas məsələ kimi gündəmdə saxlayır. Müasir avtomobil yollarının tikintisi, mövcud yolların yenidən qurulması işləri ildən-ilə artır. Bu sahədə infrastrukturun yenilənməsi və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələrin icrası davam etdirilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətdə və yüksək keyfiyyətlə icra olunur. Ölkəmizdə 2004-cü ildən bu günə qədər 15 min kilometr avtomobil yolu salınıb. Bu göstərici ilə Azərbaycan bir çox inkişaf etmiş ölkələri qabaqlayır. Davos İqtisadi Forumunun hesablamalarında da yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir.

Ötən illər ərzində yolların tikintisi və yenidən qurulması işlərinə nəzər salsaq görərik ki, 2015-ci ildə 330, 2016-cı ildə 880, 2017-ci ildə 1300, 2018-ci ildə 2300, 2019-cu il ərzində isə 1300 kilometr uzunluğunda avtomobil yolları salınıb, prospekt və küçələr yenidən qurulub, təmir olunub. 2020-ci ildə isə 1000 kilometr yeni yolun salınması və yenidən qurulması nəzərdə tutulur.

Azərbaycanda iqtisadi inkişafı sürətləndirən, ölkə iqtisadiyyatının lokomotivlərindən olan yol-nəqliyyat kompleksində, o cümlədən avtomobil yolları sektorunda baş verən müsbət dəyişikliklər düzgün strategiyanın və siyasətin nəticəsidir. Yol şəbəkəsinin yenidən qurulması işləri həm də insanların həyat şəraitinin yaxşılaşdırılmasına hesablanıb. İstər paytaxtda, istərsə də bölgələrdə salınan müasir yollar əhalinin təhlükəsizliyini və rahatlığını təmin edir, məhsulun itkisiz daşınmasına şərait yaradır, bütövlükdə regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. Bu gün əminliklə demək olar ki, son illər yol infrastrukturunun inkişafı istiqamətində icra edilən layihələr ümumilikdə yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verib.

Prezident İlham Əliyevin tapşırığı ilə ən ucqar kəndlərin belə yol infrastrukturunun yaxşılaşdırılması, yeni yolların salınması, bir sözlə, ucqar yaşayış məntəqələrində yaşayan insanların yol probleminin həlli diqqət mərkəzindədir. Dövlət başçısının bu istiqamətdə imzaladığı sərəncam və tapşırıqlara əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir neçə kəndi birləşdirən yolların əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir. Yaşı minilliklərlə ölçülən ucqar kəndlərə çəkilən yolları buna misal göstərmək olar.

Ucqar dağ kəndlərinə çəkilən yollar əhalinin rahat gediş-gəlişini təmin etməklə yanaşı, turizm üçün əhəmiyyətlidir.

Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq qısa müddət ərzində avtomobil yolları ilə yanaşı, istər paytaxtda, istərsə də bölgələrdə küçə və prospektlər yenidən qurulub, təmir olunub. Bakı şəhərində, o cümlədən də Respublikanın avtomobil yollarında yerüstü və yeraltı piyada keçidlərinin inşası davam etdirilir. Sözügedən keçidlər metal və dəmir konstruksiyalı olmaqla həm avtonəqliyyat vasitələrinin, həm də piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa olunur. İndiyədək Bakı şəhərində 41-i yerüstü, 72-si isə yeraltı olmaqla, ümumilikdə 113 piyada keçidi tikilib. Respublika əhəmiyyətli magistral yollarda isə 64 yeraltı və yerüstü piyada keçidi inşa edilərək vətəndaşların ixtiyarına verilib. Rayon və şəhərlərin daxilində - Quba, Qəbələ və Zaqatalada isə 3 piyada keçidi inşa edilib. Dövlət başçısı yol infrastrukturunun dəyişdirilməsi və müasirləşdirilməsi ilə bağlı işlərə böyük əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır.

İnfrastruktur sahələrindən biri kimi avtomobil yolları sektoruna irihəcmli investisiyaların yönəldilməsi, bu sahədə uzunmüddətli inkişaf proseslərinin sürətlənməsi, körpü, tunel və yol qovşaqlarının tikilməsi, yeni yolların çəkilməsi bir daha göstərir ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Bu nailiyyətin təməlində isə xalqa, dövlətə və Vətənə olan sonsuz məhəbbət dayanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar