Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospekti ilə Atatürk porospektinin kəsişməsində yerləşən yol sürücülər və piyadalr üçün çətinlik yaradır.
Xezerxeber.az-ın məlumatına görə, ərazidə zolaq var, ancaq piyadalar bu keçiddən istifadə etməkdə çətinlik çəkirlər. Problemdən əziyyət çəkən təkcə piyadalar yox, həm də sürücülərdir.
Ziya Bünyadov prospektindən gələn sürücülər kəsişmədən 20 Yanvar dairəsi istiqamətinə hərəkət edən zaman dönmə yerində qəfil piyada keçidi ilə rastlaşırlar.
Sürücülərin sözlərinə görə, bu istiqamətdə piyada keçidinin olduğunu bildirən nişan qoyulmasına baxmayaraq, dönmə yerində keçidin olması qəza şəraitinin yaranmasına səbəb olur.
Piyadalar isə bildirir ki, əksər hallarda sürücülər qəfil keçidə doğru dönən zaman ya sərt əyləcdən istifadə edirlər, ya da onlara yol vermirlər.
Odur ki, həm sürücülər, həm də piyadalar bu piyada zolağının dönmə yerindən bir neçə metr aralıda qoyulmasını istəyirlər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov təklif edir ki, piyadaların təhlükəsizliyini və yolda nəqliyyat vasitələrinin hərəkətini daha yaxşı təmin etmək üçün piyada keçidi olan hissədə işıqfor quraşdırıla bilər.
Ekspert onu da qeyd etdi ki, piyada keçidinə işıqfor qoyulduğu təqdirdə qarşıda olan dönmə yerində də sıxlıq azalacaq.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, ərazidə piyada keçidi təşkil olunarkən bütün təhlükəsizlik məsələləri nəzərə alınaraq bu adım atılıb. Ancaq buna baxmayaraq Agentliyin mütəxəssisləri yenidən əraziyə baxış keçirəcək və təhlillər aparılacaq və uyğun qərar qəbul ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: