Xəzər Xəbər

Dünyada koronavirus infeksiyasına rekord sutkalıq yoluxma qeydə alındı VİDEO

Veb TV | 21:59 • 12 Sentyabr 2020
Dünyada koronavirus infeksiyasına rekord sutkalıq yoluxma qeydə alındı

Dünyada koronavirus pandemiyası ilə bağlı yenidən rekord statistik rəqəmlər qeydə alınmağa başlayıb. Təkcə ötən gün dünyada 310 mindən artıq insanda covıd-19 infeksiyasının əlamətlərinə rast gəlinib. Son günlər yoluxma sayında ciddi artım isə qonşu gürcüstan və avropada müşahidə edilir.

Ötən gün dünyada COVID-19 infeksiyasına rekord sayda, 310 mindən çox yoluxma qeydə alınıb.

Bu gün isə dünya ölkələrində 77 min 807 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb, 1779 nəfər isə dünyasını dəyişib. Ümumilikdə isə dünyada indiyə qədər 28 milyon 725 min 778 nəfərə covıd-19 diaqnozu qoyulub. Onlardan 920 min 876 nəfəri ölüb, 20 milyon 644 min 632 nəfəri isə müalicə edilib. Hazırda dünyada 7 milyondan çox aktiv koronavirus xəstəsi var.

Dünya statistikası ilə yanaşı ötən gün bir sıra ölkələrdə də yoluxma sayında rekord statistika qeydə alınıb. Belə ki, qonşu Gürcüstanda koronovirus pandemiyası dövründə ilk dəfə ən yüksək sayda yoluxma qeydə alınıb. Son 24 saat ərzində ölkədə 158 nəfərdə koronavirus aşkar olunub. Bildirilir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 min 75-ə, pandemiya qurbanlarının sayı isə 19-a çatıb. Son günlər vəziyyətin ağırlaşması ilə əlaqədar olaraq Gürcüstan hökuməti beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlərin noyabrın 1-dək qüvvədə qalmasına qərar verib. Həmçinin qapalı binalarda bütün sosial tədbirlərin keçirilməsi qadağan edilib. Koronavirus pandemiyasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlərin ləğvi planına görə, kinoteatrlar sentyabrın 15-dən, teatrlar isə oktyabrın 1-dən açılmalı idi. Lakin bunlar 1 noyabr tarixinə qədər təxirə salınıb. Uşaq əyləncə mərkəzlərinin açılışı da noyabrın 1-nə keçirilib. Gürcüstanın altı böyük şəhərində - Tiflis, Kutaisi, Rustavi, Qori, Zuqdidi və Potidə - tədris ilinin başlanması iki həftə sonraya, 1 oktyabr tarixinə qədər təxirə salınıb. Sentyabrın 15-dən oktyabrın 1-dək məktəblilər və tələbələr distant şəkildə təhsil alacaqlar.

Avropada da koronavirus pandemiyası ilə bağlı vəziyyət ürəkaçan deyil. Belə ki, Çexiyada ötən sutkada 1447 nəfərə COVID-19 diaqnozu qoyulub ki, buda ölkədə bu vaxta qədər qeydə alınan rekord statistika hesab edilir. Niderlandda da ötən sutka rekord sayda, 1200-dən çox adamda covıd-19 infeksiyasının əlamətlərinə rast gəlinib.

İngiltərənin qərb bölgəsində yerləşən Birminhemdə isə koronavirusa yoluxanların sayında artım baş verdiyi üçün sentyabrın 15-dən etibarən şəhərdə yenidən karantin rejimi tətbiq olunmağa başlayacaq. Belə ki, bir həftə ərzində şəhərdə yoluxma halları iki dəfə çoxalıb.Ətraf bölgələr olan Sandvel və Solihul ərazilərində də karantin rejimi yenidən tətbiq olunacaq. Həmçinin hökumət tərəfindən qəbul edilən yeni qərara görə ölkə ərazisində bazar ertəsindən etibarən 6 nəfərdən artıq insanın toplaşması qadağan olunub.Artıq üç həftədir ki, İspaniyada da yoluxma hallarının dəhşətli dərəcədə artması səbəbindən reanimasiyalar yenidən xəstələrlə dolub.

Son günlər koronavirus infeksiyasının yenidən tüğyan etdiyi Avropa ölkələrindən biri də Ukraynadır. Burada son sutkada koronavirusdan ölüm hallarında yeni antirekord qeydə alınıb...son sutkada 3 min 103 nəfər koronavirusa yoluxub, 72 nəfər isə bu xəstəlikdən həyatını itirib.

Ötən 24 saat ərzində Hindistanda da koronavirusa yoluxma hallarında rekord qeydə alınıb. Ötən gün burada 97 min 654 nəfər koronavirusa yoluxub ki, bu da indiyədək ölkədə qeydə alınan ən yüksək rəqəmdir.

Xəbər lenti

Çox oxunanlar