Cəlilabadda 3 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Xezerxeber.az-ın məlumatına görə, Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkran şəhər sakini Qəhrəman Şirməmmədov və Masallı şəhər sakini Rüstəm Ramazanov saxlanılıblar. Onlardan 1 ədəd bağlamada çəkisi 1 kiloqram 320 qram narkotik vasitə heroin, 2 ədəd qabda ümumi çəkisi 1 kiloqram 680 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin həmin narkotik vasitə və psixotrop maddəni İran vətəndaşı Şirzad adlı şəxs vasitəsilə əldə etdikləri və Ələt-Astara avtomobil yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən götürdükləri müəyyən edilib.
Biləsuvar polisi də ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda müxtəlif növ narkotik vasitələr, psixatrop və güclü təsiredici maddələr gətirən şəxsi müəyyən edib. Rayonun Əsgərabad kənd sakini Musa Rəmiyev şübhəli şəxs qismində saxlanıb. Onun özünə məxsus müxtəlif növ narkotik vasitə, psixotrop və güclü təsirli maddələri saxladığı idman çantasını Yuxarı Ağalı kəndi ərazisində gizlətdiyi yerdən aşkar edilib. Həmin idman çantasından ayrı-ayrı bükümlərdə ümumilikdə 7 kiloqram 637 qram narkotik vasitə tiryək, 284 qram heroin, 74 qram qurudulmuş marixuana, 2 kiloqramdan artıq psixotrop maddə metamfetamin və tərkibində güclü təsiredici maddələr olan preparatlar aşkar edilərək götürülüb. O, narkotik vasitələri, psixotrop və güclü təsiredici maddələri İrandan qanunsuz olaraq əldə etdiyi və qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi müəyyən edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: