Bakıda istifadəyə verilmiş yerüstü piyada keçidinin altındakı köhnə zolağın silinməməsi sürücüləri çaşdırır.
Xezerxeber.az-ın məlumatına görə, yol hərəkətinin təşkilindəki bu səhv paytaxtın Xətai rayonu, Neapol küçəsindədir.
''Ukrayna dairəsi"ndən üzü Neapol küçəsi istiqamətində bir müddət əvvəl piyadaların rahat və təhlükəsiz hərəkət etməsi üçün yerüstü piyada keçidi istifadəyə verilib, amma altındakı köhnə piyada zolağı silinməyib. Bu da həmin yoldan keçən sürücülərin işini çətinləşdirir.
Sürücülər deyirlər ki, çox vaxt piyadalar yerüstü keçiddən yox, məhz həmin zolaqdan keçməyə üstünlük verirlər.
Çəkiliş apardığımız zaman da şahidi olduq ki, bəzi piyadalar həyatlarını təhlükəyə ataraq yerüstü piyada keçidindən keçmirlər. Buna da müxtəlif səbəblər gətirirlər.
Xatırladaq ki, yerüstü piyada keçidi həm pilləkən, həm də liftlə təchiz edilib. Məsələyə münasibət bildirən "Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ''Xəzər Xəbər''ə bildirib ki, yerüstü piyada keçidi inşa edilərkən ərazidəki piyada zolağını bildirən nişan da götürülüb. Bu da o deməkdir ki, artıq həmin ərazidə piyadaların hərəkəti yerüstü keçidlə tənzimlənir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: