Bu il ali məktəblərə qəbul olub, tələbə adını qazananlar ixtisas seçimi zamanı diqqətli olmalıdır. Ekspertlər bildirir ki, ixtisaslar barədə aparılan yalnış təhlil sizi illərdir səbrsizliklə gəlib çatmasını gözlədiyiniz arzunuzdan edə bilər. Bəs nələrə diqqət etmək lazımdır? Ən vacib məqamları xəbərimizdən biləcəksiniz.
''Abituriyent'' jurnalının 4-cü nömrəsi sentyabr ayının 8-də çıxacaq. Bu il ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər sentyabr ayının 10-dan etibarən ixtisas seçimi müsabiqəsində iştirak edə biləcəklər. Təhsil eksperti Kamran Əsədov deyir ki, qruplar üzrə ixtisas seçimlərinə yalnız müsabiqə şərtlərini ödəyənlər buraxılacaq.
Ekspert deyir ki, abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalıdırlar. Bu il heç bir halda 2019-cu ilin keçid balları meyar olaraq götürülməməlidir. Hər bir abituriyent mütləq jurnalın 4-cü nömrəsinin çıxmasını gözləməli və 3 təməl prinsipi gözləməklə orada olan plan yerlərinə uyğun seçim etməlidirlər. Əks halda yüksək bal yığan aibturiyentin belə ali məktəbdə təhsil almaq hüququnu itirmə ehtimalı var.
İxtisas seçimi elektron qaydada, dövlət imtahan mərkəzinin saytında həyata keçiriləcək. İxtisas seçimi müsabiqəsində iştirak etmək üçün abituriyentlərə 10 gün vaxt veriləcək.
Qeyd edək ki, yeni qaydalara əsasən ümumi balı 150-dən, imtahanın 2-ci mərhələsi üzrə isə balı 50-dən az olmayan abituriyenlər yalnız seçilmiş ixtisaslar üzrə ali məktəblərə ixtisas seçimi müsabiqəsində iştirak edə biləcəklər. Artıq həmin ixtisasların adları da açıqlanıb.
I ixtisas qrupu üzrə sadalanan müsabiqə şərtlərini ödəyən abituriyenltər yalnız Meliorasiya və ekologiya mühəndisliyi, Texnologiya müəllimliyi, Aqronomluq, Balıqçılıq, Meşəçilik, Şərabçılıq, Torpaqşünaslıq və Aqrokimya, Yerquruluşu və daşınmaz əmlakın kadastrı və Zoomühəndislik ixtisaslarını seçə bilərlər.
II ixtisas qrupu üzrə abituriyentlər isə Marketinq, Biznesin idarə edilməsi, Regionşünaslıq, Turizm bələdçiliyi və Turizm işinin təşkili ixtisaslarını seçərək müsabiqəyə qatılmaq hüququ əldə edirlər.
Həmin kateqoriyaya aid olan III ixtisas qrupunun abuturiyentləri isə yalnız 2 ixtisas seçimində iştirak edə bilərlər. Bunlar Muzey, arxiv işi və abidlərin qorunması və Sosial iş ixtisaslarıdır.
Eyni tələbləri ödəyən IV ixtisas qrupunun abituriyentləri isə ekologiya, bağçılıq və tərqəvəzçilik, baytarlıq təbabəti, bitki mühafizəsi və Su bioehtiyatları və akvakultra ixtisaslarını seçmək hüququ qazanırlar.