Azərbaycan təhsili yeni dərs ilinə hazırlaşır. Bu tədris ilində təhsil sahəsində qarşıya qoyulan əsas vəzifələrdən biri də modern üslubda yeni təhsil müəssisələrinin sayını artırmaqla təhsilin keyfiyyətini yüksəltməkdir. Biz də yeni dərs ilini hazırlıqlar və müasir standartlara cavab verən təhsil sistemindən danışacağıq.
Son illər təhsilin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflər uğurla yerinə yetirilib. Qəbul olunan dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayıb. Belə ki, məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında öz əksini tapıb.
Son illəri təhsil siyasətində yeni dövrün başlanğıcı da adlandırmaq olar. Dövlət başçısının göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə və yüksək nəticələrin qazanılmasına xidmət edir. İstər ali, istərsə də orta ümumtəhsil məktəblərinin yeni binlarının inşası və təmiri də verilən tapşırıqların nəticəsidir. Təhsilin maddi-texniki bazasının təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi işləri bu il də həyata keçirilib. Dövlət başçısı hər il olduğu kimi bu tədris ili ərəfəsində təhsil müəssisələri ilə yaxından tanış oldu. Son günlər Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan məktəblər müasir standartlara uyğun qurulub. ADA Universitetinin iki yeni korpusunun açılışı zamanı burada təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanların mövcudluğu diqqətə çatdırıldı. Bildirildi ki, ADA Universitetində təhsil infrastrukturunun modernləşdirilməsi konsepsiyası müasir trendləri əhatə etməklə gələcəyə istiqamətlənib.
Yeni tədris ili ərəfəsində dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha bir təhsil ocağı ilə tanış oldular. Azərbaycan Dövlət İqtisad Universitetinin 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verildi. Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan, 4 binadan ibarət yeni tədris korpusunda texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.
Dövlət başçısı və birinci xanım daha bir təhsil ocağının Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış oldular. Bina memarlıq üslubu və fasadının ilkin görünüşü saxlanmaqla Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Əslində bütün bunlar onu göstərir ki, məktəblərin yenilənməsi və ən müasir tələblərə uyğun yenidən qurulması artıq ənənə halını alıb.
Beləliklə, ölkəmizdə dünya standartlarına uyğun müasir tipli məktəblərin sayı ildən-ilə artır. Bütün bunlar ölkədə təhsilin inkişafına dövlət səviyyəsində olan yüksək qayğıdan xəbər verir. Bu gün ölkəmizdə təkcə ali təhsil sahəsində deyil, orta təhsil sahəsində də görülən işlər deməyə əsas verir ki, təhsil dövlətin proritetidir. Son 15 ildə ölkəmizdə 3500 yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. Yaxın illər ərzində də hədəf bu strategiyanı davam etdirməkdir.
Modern məktəb binalarının inşa edilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi yeni tədris ilində də istifadəyə veriləcək məktəblərdə özünü göstərir. Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılan 47 məktəb binası şagirdlərin istifadəsinə veriləcək ki, onlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəbdir. İlin sonuna qədər isə nazirlik tərəfindən təmir-tikinti işləri yekunlaşdırılan 100-ə yaxın məktəb istifadəyə veriləcək. Onlardan da 60-ı modul tipli məktəbdir.
Bütün görülən bu işlər təhsilə ayrılan xərclərin artırılması hesabına həyata keçirilir ki, bu artım 2020-ci ildə də özünü göstərir. Belə ki, 2018-ci ildə təhsilin maliyyələşdirilməsi üçün 1 milyard 966 milyon manat vəsait ayrılsa da, 2019-cu ildə bu rəqəm 2 milyard 195 milyon manat, 2020-ci ildə 3 milyard 34 milyon manatadək artırılıb. Bu il təhsilə ayrılan xərclər ötən illə müqaisədə 38 faiz çoxdur. Bu da ondan xəbər verir ki, bu il təhsilə əvvəlki illərlə müqaisədə təxminən 850 milyon manat artıq vəsaitin xərclənməsi həyata keçiriləcək.
Bundan başqa, 2020-ci ildə dövlət hesabına təhsil alan tələbələrin də sayında artım müşahidə olunur. Cari ildə dövlət büdcəsindən bu istiqamətə 332,9 milyon manat vəsait ayrılıb. Bu da dövlət sifarişi ilə təhsil alan bakalavr və magistr pillələri üzrə xərclərin dövlət tərəfindən qarşılanmasına imkan verir. Eyni zamanda fərqli proqramları çərçivəsində təhsil sisteminin informasiya bazasının gücləndirilməsi, məktəbəhazırlıq qruplarının saxlanması və digər istiqamətlərə vəsaitlərin ayrılması da nəzərdə tutulub. Bütövlükdə təhsilə ayrılan vəsaitin həcmindəki artımlar, eyni zamanda sturukturun təkmilləşdirilməsi ondan xəbr verir ki, Azərbaycanda təhsilin keyfiyyətinin artırılması əsas prioritetlərdəndir. Hədəf isə milli təhsilin keyfiyyətini artırmaqla rəqabət qabiliyyətini gücləndirmək və bütövlükdə təhsilin keyfiyyətini artırmağa nail olmaqdır. Bütün bunlar isə qarşıya qoyulan hədəfləri müvəfəqiyyətlə yerinə yetirməyə imkan verəcək.