Azərbaycanda müxtəlif adda qəzet çap olunur. Amma vətəndaşlar arasında qəzetin alışına və oxunmasına maraq demək olar ki, yox səviyyəsindədir.
Bəs səbəb nədir?
Xezerxeber.az-ın məlumatına görə, əsas səbəb onlayn medianın çap mediasını üstələməsi göstərilir.
Bununla yanaşı, paytaxtda, eləcə də bölgələrdə qəzet satışı ilə məşğul olan köşklərin sayının xeyli az olması, həmçinin bu köşklərin əsasən ticarət obyekti kimi fəaliyyət göstərməsi səbəblər sırasındadır.
Digər bir səbəb kimi isə qəzetlərin yaxşı keyfiyyətdə hazırlanmaması qeyd edilir.
Bakıda həm mərkəzi, həm də kənar küçələrdə apardığımız araşdırma zamanı məlum oldu ki, köşklərdə qəzet satışına maraq göstərilmir. Bu köşklərin vitrinlərini qəzetdən daha çox digər məhsullar bəzəyir.
Satıcılar da etiraf edir ki, vətəndaşların qəzetlərə marağı azalıb. Buna görə də onlar qəzetləri vitrinin az görünən hissəsinə qoyurlar.
"Yeni Azərbaycan'' qəzetinin baş redaktoru Hikmət Babaoğlunun sözlərinə görə, çap mediası ilə yayılan informasiyalar ictimai şüurun formalaşmasına böyük təsir edə bilər. Buna görə də qəzetə marağı artırmaq üçün çap məhsulunu yeni formatda və dizaynda hazırlamaq lazımdır. Bundan başqa, insaların sıx olduğu yerlərdə qəzet satışını daha da artırmaq vacibdir.
''525-ci qəzet''in baş redaktoru Rəşad Məcid isə hesab edir ki, hazırda fəaliyyət göstərən köşklərdə icarə haqqı yüksək olduğundan buranı işlədən şəxslər qəzet satmaqda maraqlı olmurlar. Odur ki, qəzet satışına marağı artırmaq üçün bu istiqamətdə ciddi addımlar aparmaq lazımdır.
Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi İntiqamət Məmmədov da ''Xəzər Xəbər''ə qurumun tabeliyində olan köşklərdə qəzetlərin satışının azalmasının səbəblərindən danışıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: