Kənd Təsərrüfatı Nazirliyindən dövlət tərəfindən verilən subsidiyaların ləğv edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib. Bildirilib ki, Nazirlər Kabinetinin son qərarı subsidiyaların ləğvini nəzərdə tutmur. Fermerlərin narahatçılığına heç bir əsas yoxdur.
Pambıq, tütün, barama istehsalı, o cümlədən, arıçılıq fəaliyyətinə görə dövlət tərəfindən verilən subsidiyalar ləğv edilməyib. Kənd təsərrüfatı nazirliyinin şöbə müdiri Vüqar Hüseynov Nazirlər Kabinetinin son qərarının subsidiyaların ləğv edilməsi kimi şərh olunmasına aydınlıq gətirib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyir ki, fermerlərə subsidiyaların verilməsi elektron qaydada həyata keçirilir. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə subsidiyaların alınması prosesində fermerlərin işi daha da asanlaşıb.
Vüqar Hüseynovun sözlərinə görə, ötən ilin payızlıq əkinləri, o cümlədən çoxillik əkmələrə görə subsidiyaların verilməsi artıq başa çatıb. Arıçılarla bağlı aparılan monitorinqlər yeni yekunlaşdığından, hazırda onlara subsidiyaların ödənilməsi davam edir.
Qeyd edək ki, bu aydan etibarən yeni payızlıq əkinlərlə bağlı bəyan prosesinə start verilib.