Xəzər Xəbər

Əkin sahələrindən oğurluq edən şəxs saxlanıldı VİDEO

Veb TV | 18:53 • 31 Avqust 2020
Əkin sahələrindən oğurluq edən şəxs saxlanıldı

Cəlilabad rayonunda kənd təsərrüfatı sahələrini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu faktları törədən şəxsin ifşa olunması istiqamətində rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.


Bu barədə XəzərXəbər-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.


Məlumata görə, Cəlilabad rayonunda müxtəlif ərazilərdə ayrı-ayrı şəxslərə məxsus kənd təsərrüfatı sahələrində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən rayonun Uzuntəpə kənd sakini R.Mirzəyev saxlanılıb.


Araşdırma zamanı onun ümumilikdə 14 şəxsə məxsus sahədən 16 ədəd su nasosunu oğurladığı məlum olub.


Saxlanılan şəxs ifadəsində həmin qurğuları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladığını və rayonun müxtəlif yerlərində satdığını etiraf edib.


Oğurlanan su nasoslarının bir qismi R.Mirzəyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.


Faktla bağlı araşdırma aparılır.


*****


İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Qalacıq kənd sakini E.Əhmədov ona məxsus "VAZ 2106" markalı avtomobilin qarajdan oğurlandığını və daha sonra küçədə aşkar etdiyini bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirildikdən sonra o, sahibinə qaytarılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlayan şəxsin zərərçəkmişin qonşusu, Qalacıq kənd sakini Əziz Şıxıyev olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılaraq, Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı Ə.Şıxıyevin avtomobili oğurlayaraq, Qəbələ rayonu Vəndam qəsəbəsi istiqamətində hərəkətdə olan zaman nasazlıq səbəbindən onu sürə bilməmiş və həmin zaman oradan keçən evakuator avtomaşını ilə onu Qalacıq kəndi ərazisinə gətirib, daha sonra qaçaraq oradan uzaqlaşıb.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.




Xəbər lenti