Azərbaycanın bu ilin əvvəlindən iyulun sonuna qədər həyata keçirdiyi ixracın həcmi açıqlanıb. Son 7 ayda ölkə 9 milyard dollardan çox ixrac həyata keçirib. Qeyri-neft ixracında azalma müşahidə edilsə də bəzi ölkələrə ixracın həcmində artım qeydə alınıb.
Azərbaycanın son 7 ay ərzində həyata keçirdiyi ixracın həcmi bəlli oldu. Bu barədə danışan İqtisadi İslahatların təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə ixrac olunan məhsulların dəyərini və əsas göstəricilərini açıqlayıb.
Nicat Hacızadə bildirir ki, ölkənin ixrac istiqamətlərində də ötən dövr ərzində hansısa önəmli dəyişiklik baş verməyib.
Bu ilin yanvar-iyul ayları ərzində Rusiyaya 418,6 milyon, Türkiyəyə 205 milyon, İsveçrəyə 107,6 milyon, Gürcüstana 84,2 milyon və Çinə 31,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin 7 ayı ərzində qeyri-neft ixracı Rusiyaya5,7 faiz, İsveçrəyə 21,9 faiz və Çinə 60,9 faiz artıb.
2020-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor 166,5 milyon ABŞ dollar ilə birinci, qızıl 96,5 milyon ABŞ dollar ilə ikinci və pambıq mahlıcı isə 70,6 milyon ABŞ dollarla üçüncü olub. Nicat Hacızadə bildirir ki, rəqəmlərdə enmələrin olmasına səbəb hazırda davam edən pandemiya şəraitidir. Ancaq beynəlxalq maliyyə qurumları postpandemiya dövründə tədricən iqtisadiyyatın inkişaf edəcəyini və rəqəmlərin yenidən artacağını proqnozlaşdırır.