Goranboyda yaz girəndə bahalaşan ot bağlamaları yayın sonlarına yaxın xeyli ucuzlaşıb. Tovuzda isə ot bağlamalarının qiyməti arta-arta gedir.
Tovuzda yem bazarında qiymətlər od tutub yanır. Otun bir bağlamasının qiyməti tərkibindən asılı olaraq 2-6 manat arasında dəyişir. Yonca bağlaması 3 manat 60 qəpikdən 6 manata qədər, adi ot 2 manat - 2 manat 50 qəpiyə, ən ucuz başa gələn saman bağlaması isə 2 manat 30 qəpiyə təklif olunur.
Alıcılar qiymət bahalaşmasından narazıdırlar. Dəllalların mövcud vəziyyətdən sui-istifadə edib qiyməti artırmaları təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə salır.
Goranboyda isə vəziyyət fərqlidir. Burada yağıntının bol olması səbəbindən ot da çox olub. Hazırda sahələrdə yoncanın 4-cü biçimi aparılır. Təsərrüfatçılar yığdıqları ot bağlamalarını 3 manat - 3 manat 50 qəpiyə təklif edirlər.
Bu il mal-qara saxlayan əksər rayon sakinləri qış tədarükünü daha tez gördüklərindən sonuncu biçimə tələbat azalıb.
Sahələrdə biçin getdiyindən təsərrüfatçılar havaların quraq keçəcəyinə ümid edirlər.