Xəzər Xəbər

Hamının 20 ildir axtardığı cizgi filmi ÜZƏ ÇIXDI - VİDEO

Veb TV | 10:35 • 29 Avqust 2020
Hamının 20 ildir axtardığı cizgi filmi

Sovet dövründə ərsəyə gətirilmiş animasiya filmlərinin ilk baxışda artıq keçmişdə qaldığı, yaxud öz dövrünü başa vurduğu görsənə bilər. Ancaq bu, tam olaraq elə deyil. Məsələ ondadır ki, onlar indinin özündə də yalnız azyaşlılar deyil, böyüklər üçün də tələbatlı sənət nümunələridir. Yalnız ona görə yox ki, o dövrdə cizgi filmləri sayca az idi. Əsas faktor onların yüksək keyfiyyətə malik olmasındadır. Əksər psixoloqlar da bunu dönə-dönə təsdiqləyir. O dönəmlər animatorlar bu filmlərin hər biri üzərində bir-iki il, çoxseriyalı olanlarının isə üzərində bəzən on il və daha çox işləyir, yaradıcı əmək sərf edirdilər. İndi hər şey sürətlə, tələm-tələsik baş verir, bəlkə elə buna görə müasir cizgi filmlərinin keyfiyyəti o qədər də yüksək səviyyədə deyil.

XəzərXəbər xəbər verir ki, Cizgi filmi yalnız media mühitinin məhsulu deyil, həm də böyük təhsil potensialına sahib sənət növlərindən biridir. Sirr deyil ki, uşaqlar televizorun qarşısında çox vaxt keçirirlər: gündə bir neçə saata qədər. Məktəbəqədər yaşda olan uşaqların daim dünyanı öyrəndiyini düşünsək, ekranın qarşısında keçirilmiş bu qədər zaman izsiz ötüşə bilməz.

Sovet cizgi filmlərinin əksəriyyəti əxlaqi, öyüd-nəsihət xarakteri daşıyırdı, bu əxlaq çox vaxt səmimi şəkildə nümayiş olunurdu. Müasir cizgi filmləri ciddi əxlaqla fərqlənmir. Sovet cizgi filmləri yaxşılıq, mehribanlıq, dürüstlük, ədalət ilə fərqlənirdi; müsbət qəhrəmanlar böyüyən nəsilin düzgün formalaşması üçün zəruri olan obraz və xarakterlərə malik olurdu. Mənfi personajlar isə təbəssüm doğururdu, bəzən hətta rəhm hissi oyadırdı, ancaq etdiklərinin qəbuledilməzliyi göstərilir və heç kim onlarla dostlaşmırdı. Ən əsası, mənfi obrazlar həmişə səhvini anlayır, düzgün yola qayıtmağa can atırdı.

Ölkəmizdə də orta yaşlı bütün valideynlərin Sovet cizgi filmləri ilə böyüdüyünü desək, yəqin ki yanılmarıq. Hamımız körpə vaxtı baxdığımız bu cizgi filmlərinin az qala hər obrazını xatırlayırıq.

Fəxrlə deyə bilərik ki, Sovet dönəminin ən yadda qalan cizgi filmlərindən birini məhz həmyerlilərimiz tərəfindən çəkilib. Söhbət 1982-ci ildə lentə alınmış məşhur "Başlanğıc” (Начало) cizgi filmindən gedir. Yəqin çoxunuz onun məhz Azərbaycan Televiziyasında çəkildiyini bilmirdiniz. Bir çoxları bu cizgi filminin Türkmənfilm tərəfindən çəkildiyini güman edir və adına Oazis (Оазис, Туркменфильм, 1986) deyir. Bu animasiya filmi ilə bağlı digər məqam isə onun 20 ildən artıqdır ki, heç yanda nümayiş olunmamasıdır. Müasir texnologiyalar dövründə demək olar istənilən köhnə və ya yeni filmlər sosial şəbəkələrdə, xüsusən youtube şəbəkəsində nümayiş olunsa da, keçmiş Sovetlər Birliyindən yüz minlərlə tamaşaçı bu sevimli "multik”lərini tapa bilmirdilər.

Bugünlərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının "YouTube" kanalında bu animasiya filminin yüklənməsi hər kəs üçün əsl sürpriz olub. Şərhlər bölümündə yazılan rəylər də çoxsaylı tamaşaçıların onu illərdir necə həsrətlə axtardıqlarını və nəhayət yenidən baxmaq fürsəti əldə etmələrindən duyduqları məmnunluğu göstərir. Maraqlı həm də odur ki, film müasir texnologiya ilə rəqəmsallaşdırılıb və görüntü keyfiyyəti yüksəldilib. Qeyd edək ki, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında, kinorejissor Vaqif Behbudov tərəfindən çəkilmiş animasiya filmi fəlsəfi pritçadır. Qədim "Habil və Qabil" rəvayətinin motivlərindən istifadə olunan film yaradıcı və dağıdıcı insanın, başqa sözlə Xeyirlə Şərin əbədi mübarizəsinə həsr olunub. Film Mərkəzi Televiziyanın (SSRİ) sifarişi ilə Azərbaycan Televiziyası tərəfindən istehsal olunub. / ENS

Xəbər lenti

Çox oxunanlar