Dünya mədəniyyət nümunələrinin zəngin məkanı sayılan Vatikanın Ukraynadakı səfirlik binasının fasadının ön hissəsini Azərbaycan şəbəkəsi bəzəyəcək.
Xezerxeber.az-ın məlumatına görə, qədim sənətkarlıq nümunələrindən sayılan Azərbaycan şəbəkəsi öz unikallığı və üslubu ilə dünyada məşhurdur. Elə bu səbəbdən də Vatikanın Kiyevdə tikdirdiyi səfirlik binasının fasadının mərkəzi hissəsinə Azərbaycan şəbəkəsinin yerləşdirilməsinə qərar verilib.
Bir il öncə dünya şöhrətli şəbəkə ustası Tofiq Rəsulovun rəhbərliyi ilə şagirdi İlqar Rəsulzadənin tərtib etdiyi layihə əsasında yaradılan şəbəkə nümunəsinin hündürlüyü 6 metrdən çoxdur. Burda sənətkarlar 6 min hissə düzəldərək yapışqansız və mismarsız onları bir-birinə keçirərək bərkidiblər. Şəbəkədə istifadə olunan 8 guşə, 12 guşə, Nabatı və Şəmsi sırf Azərbaycan mədəniyyətini və şəbəkəçiliyini təbliğ edən milli ornamentlərdir.
Layihəni şəbəkə ustası İlqar Rəsulzadə tərtib edib. Şəbəkənin ərsəyə gəlməsində 8 usta bir il çalışıb.
Qeyd edək ki, şəbəkə artıq tam hazırdır və yaxın günlərdə səfirlik əməkdaşlarına təhvil veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: