Son günlər ölkə ərazisində intensiv yağışların yağması Kür çayına da öz təsirini göstərib. Bu, daha çox çayın aşağı axınında-Salyan və Neftçala rayonları ərazisində müşahidə olunur. Təkcə son iki gündə çayın Salyan ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metr, Neftçalada isə 70 santimetr qalxıb.
Xezerxeber.az-ın məlumatına görə, ekoloq Elman Hacıyev deyib ki, Kürdə suyun artması son günlər bu çaya tökülən Türyançay və Göyçay çaylarından sel keçməsi və yağışlara görə Kürboyu rayonlarda əkin suyu vuran nasosların dayanması ilə əlaqədardır. Ötən gün axşamdan başlayan artım nəticəsində artıq Kür dənizə qovuşub. Üç aydan çoxdur ki, su qıtlığı ilə üzləşən Neftçala sakinlərinin su probleminə son qoyulub.
Xatırladaq ki, bu il may ayının sonlarından etibarən dəniz suyu geriyə doğru Kürə axdığından 60 kilometr məsafədə çayın suyu şorlaşmışdı. Əkin sahələri və mal-qaranın suvarılmasında da ciddi problemlər yaşanırdı. Neftçala sakinlərinin istifadəsi üçün içməli su isə hər gün 50 kilometr aralıda yerləşən Salyan rayonundan avtomobillərlə daşınırdı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: