Bu gündən əksər çimərliklər vətəndaşların ixtiyarındadır. Uzun müddətdir dəniz arzusunda olanlar elə ilk gündən dəniz kənarına üz tutublar . Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də bu gün bir neçə ictimai və özəl çimərliyə baxış keçirib.
Asan könüllüləri həm də fəaliyyətinə icazə verilən bütün çimərliklərin giriş-çıxışına nəzarət edirlər. İstirahətə gələn vətəndaşların öncə temperaturu yoxlanılır, daha sonra əllər spirt tərkibli məhlul ilə dezinfeksiya edilir. Bu məhlullar soyunub-geyinmə otaqlarının, o cümlədən sanitar qovşaqların qarşısına da yerləşdirilib. Çimərlik boyu ərazilərə qoruyucu maskaların atılması üçün xüsusi zibil qabları qoyulub.
Lakin vətəndaşlar diqqətli olmalı, çimərliklərin açılmasından arxayınlaşmamalıdır. Epidemiya bitmədiyindən risk və təhlükə hələ də qalmaqdadır. Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov vətəndaşları riskli ərazilərdən çəkinməyə, yalnız çimərlik.az saytında adı qeyd olunan çimərliklərə getməyə səsləyib.
Elmin İmanov bildirib ki, çimərliklərə adi vaxtlar ilə müqayisədə 50% az insan qəbul olunacaq. Yay mövsümü başa çatana kimi Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəlaqə Hallar Nazirliyi tərəfindən bütün çimərliklərə ciddi nəzarət olunacaq.