Abşeron rayonu Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, naməlum şəxs evin ikinci mərtəbəsində pəncərəni qıraraq içəri daxil olub və oradan televizor, tozsoran, qızıl-zinət və digər məişət əşyalarını oğurlayıb.
Zərərçəkən hadisə barədə Abşeron Rayon Polis İdarəsinə məlumat verən kimi oğurluğu törədən şəxsin axtarışlarına başlanılıb. Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Əvəz Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən məzilin sahibi ilə qonşu olduğunu və narkotik vasitələrə olan asılılığı səbəbindən oğurluq etdiyini bildirib.
Əvəz Məmmədov barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
***
Masallıda da oğrular tutulub.Rayonun Sığıncaq kənd sakini Şahin Sarxanlıya məxsus yaşayış evindən gecə saatlarında dəyəri 5600 manat olan 2 ədəd televizorun, 1 ədəd mikrodalğalı soba və digər elektrik avadanlıqlarının oğurlanması ilə bağlı polisə müraciət edilib. oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanıb. Araşdırmalarla onların Masallı rayon Sığıncaq kənd sakini Elbrus Kazımov və Cəlilabad rayonunun Göytəpə şəhər sakini Həsənağa Abızadə olduğu müəyyən edilib. Oğurladıqları 2 ədəd televizor onlardan aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.