Xəzər Xəbər

Sumqayıtda maska taxmayanlar cərimələndilər VİDEO

Veb TV | 09:22 • 4 Avqust 2020
Sumqayıtda maska taxmayanlar cərimələndilər

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, supermarketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.


Reydlər zamanı alıcıların içəriyə maskasız daxil olmağına göz yuman market əməkdaşları məsuliyyətə cəlb ediliblər. Həmçinin kassirləri maska və əlcəksiz işləyən obyekt sahibləri barəsində də protokollar tərtib olunub. Tədbir zamanı həmçinin avtomobil yollarında icazəsi olmadan hərəkət edən sürücülər və sərnişinlər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər.


Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək və təsdiq olunmuş sanitar-karantin qaydalarına əməl etməyən şəxslər barəsində sərt intizam tədbirləri görüləcək.

Xəbər lenti

Çox oxunanlar