Ötən gecə Zaqatalada yağan leysan və güclü külək bir sıra fəsadlar törədib. İki kəndin 16 mindən çox əhalisini içməli su ilə təmin edən borunu sel dağıdaraq yararsız hala salıb. Qaxda isə çayda yaranan sel traktor və yük maşınını yararsız vəziyyətə salıb.
Dünən axşam saat 21 radələrindən başlayaraq şimal-qərb bölgəsindəki qeyri sabit hava şəraiti nəticəsində Zaqatala rayonu ərazisində güclü külək əsib, dağlıq ərazilərə leysan yağıb. Nəticədə gecə saat 2 radələrindən rayonun 10-a yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Dağlara yağan leysan yağışları nəticəsində rayonun iri çaylarından olan Tala çayında qısa müddətli sel keçib. Sel rayonun Yuxarı Tala və Aşağı Tala kənlərini içməli su ilə təmin edən su xəttinin bir hissəsini dağıdıb. 16 mindən çox əhalisi olan iki yaşayış məntəqəsinin təqribən 80 faizi susuz qalıb.
Çay yatağında bərpa işlərinə başlanacaq.
Qaxda da sel bir sıra fəsadlar törədib. Kürmük çayına gələn lil qatı bəzi yerlərdə istinad divarlarını yuyub. Çay yatağında olan ağır texnika- Buldozer və "Zil" markalı yük avtomobilini sel aparıb. Nəticədə hər iki texnika yararsız vəziyyətə düşüb.