Son bir həftə ərzində Bakıda və rayonlarda təxminən 6-7 avtomobil yanıb. Bu hadisələr zamanı xəsarət alan olmasa da avtomobillərə külli miqdarda zərər dəyib. Belə hadislərə xüsusən də yay aylarında tez-tez rast gəlinir. Buna səbəb nədir? Avtomobilə vaxtında edilməyən texniki xidmət, yoxsa isti hava? Ustalar sürücülərə bu məsələdə vacib tövsiyyələr veriblər.
Hərəkətdə olan avtomobil qəfildən alışıb.
Hadisə bir neçə gün əvvəl paytaxtın Babək prospektində ''Vaz-2107'' markalı avtomobilin mühərrik hissəsində baş verib. Yanğın yaxınlıqda olan insanların köməyi ilə söndürülüb.
Bənzər hadisə bu həftə Abşeron rayonu Masazır qəsəbəsində də olub. Bu hadisədə də minik avtomobili anidən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub. Minik avtomobilinin yük yeri və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Gecə paytaxtın Səbail rayonunda səkiyə çırpılan avtomobil alışaraq yanıb. Qusarda da minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Qeyd etdiyimiz yanğınlar bir həftə ərzində baş verib. Son günlər havaların isti olması ilə baş verən bu hadisələrin əlaqəsi varmı? Hərəkətdə olan avtomobil hansı səbəbdən yana bilər? Ustalar deyirlər ki, yanmanın əsas səbəbi avtomobilin yanacaq sistemindən mühərrikə gedən borulardakı nasazlıqdan yarana bilər.
Usta Sahil Ağabəyov deyir ki,xüsusən də istehsal ili köhnə olan avtomobillərin yay aylarında yanacaq çəninə gedən borularda quruma baş verir. Nəticədə avtomobilin alışma riski yaranır. Yeni avtomobillərdə isə bu, çox nadir hallarda baş verir. İstehsal ili 5 ildən çox olmayan avtomobillərdə baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə rast gəlinir.
Buna görə də sürücülər avtomobildə yaranan xırda nasazlığa həssas yanaşsalar yaxşıdır. Əks halda bu, avtomobil sahibinə baha başa gələ bilər.