Xəzər Xəbər

Bakını heç vaxt belə görməmişdiniz: Küçələr boş, parklar səssiz qalıb - VİDEO

Veb TV | 21:42 • 6 İyun 2020
Bakını heç vaxt belə görməmişdiniz:

Həftəsonu məhdudiyyətlərinin tətbiq edilməsinin ilk gününü artıq arxada qoyuruq. Bu gün Bakı küçələri heç olmadığı qədər səssiz idi. Paytaxt ərazisində yalnız zəruri sahələrdə işləyən insanları görmək mümkün idi. Bir gün əvvəl səs-küyü ilə qulaq batıran Bakı bu gün sükuta qərq olmuşdu. Elə növbəti süjetimizdə də Bakı küçələrinin dünəni və bu gününü müqayisə etmişik.


Küçələr boş, parklar səssiz qalıb. Bakı həftəsonu tətbiq edilən məhdudiyyətlərin ilk gününü belə keçirdi.


İnsanlarla dolu olmağına öyrəşdiyimiz küçələrdə indi yalnız polislər, hərbçilər və xidməti vəzifələrini icra edən şəxslər var. Dünən isə bu küçələrdə mənzərə tam fərqli idi.



İzdihamlı küçələrin boş, parklardakı yelləncəklərin çılğın uşaq gülüşlərindən məhrum qalmasının əsas səbəbi koronavirus olsa da, burda özünü və ətrafını düşünməyən, virusun ciddiliyini anlamayan insanların da rolu az deyil.


Adətən avtomobil sıxlığının və tıxacın müşahidə olunduğu küçələr də bu gün boş qaldı. Bakı-Sumqayıt yolunda demək olar ki, gecə saat 4-də belə görünməyən boşluq var idi. Bu gün xüsusi icazə ilə işə gələn vətəndaşlar Bakı küçələrini bircə gün də olsa bomboş görə bildilər.


Sabah da şəhərdə eyni vəziyyətin olacağı gözlənir. Yəni bu küçələr boş və parklar insansız qalacaq. Həftəsonlarının əvvəlki günlərinə qayıtması isə vətəndaşların koronavirusa daha ciddi yanaşmalarından birbaşa asılı olacaq...


Xəbər lenti