Xəzər Xəbər

Metroda insident yaradan sərnişinlər saxlanılıb - VİDEO

Veb TV | 20:24 • 2 İyun 2020
 Metroda insident yaradan sərnişinlər saxlanılıb  -

Metroda tibbi maskadan istifadə etməyən sərnişin polislə mübahisə edib. Sosial şəbəkələrdə bunu əks etdirən videogörüntü paylaşılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə metronun ''Qara Qarayev'' stansiyasında baş verib.

Sərnişin platformada olarkən tibbi maskadan istifadə etməyib. Xidmətdə olan iki polis əməkdaşı ona yaxınlaşaraq profilaktik söhbət aparıb, onun karantin qaydalarına riayət etməsini xahiş edib. Amma sərnişin polis əməkdaşları ilə mübahisə edib. Polislər həmin şəxsi metro vaqonundan çıxarmağa çalışıblar. Bu zaman digər sərnişinlər də həmin şəxsin tərəfini saxlayaraq onun çıxarılmasına maneə törədiblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları insanların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədi ilə onlardan mütləq qaydada tibbi maskalardan istifadə etməyi və sosial məsafə saxlamağı tələb edirlər. Metro qatarında tibbi maskadan istifadə etməyən bir neçə sənişindən də bu qaydalara riayət olunması tələb edildikdə onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq mübahisəli vəziyyət yaradıblar. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin şəxslərdən bir neçəsi artıq saxlanılıb, barələrində müvafiq tədbirlər görülüb. Digərlərinin də müəyyən edilərək saxlanması üçün tədbirlər davam etdirilir.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli ''Xəzər Xəbər''ə bildirib ki, metroda maskaya görə polislə vətəndaşlar arasında yaranmış münaqişədə vətəndaş haqsızdır. Vətəndaşları daha məsuliyyətli olmağa çağıran Xalq artisti sözügedən videonu izləyərkən təəssüf hissi keçirdiyini vurğulayıb.

Xalq artisti Fərhad Bədəlbəyli insanlara bir qədər səbrli olmalarını və maska ilə bağlı çıxarılan qərarı anlayışla qarşılamalarını tövsiyə edib. O, bu həssas dönəmdə vətəndaşları həmrəy olmağa səsləyib.

Bir daha xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən ictimai yerlərdə tibbi maskadan istifadə etməyən şəxslər 50-200 manar arasında cərimə ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar