İyunun 2-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, iclasda İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) müzakirə edilib və qəbul olunub.
Sənəd pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələri müəyyənləşdirir.
Dəyişikliyə əsasən, sözügedən qadağanı pozan fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ediləcək.
İclasda Milli Məclisin sədr müavini Adil Əliyev bölgələrdə zibillərin kortəbii şəkildə atıdlığını, bunun isə həm xəstəlik mənbəyi olduğu, həm də turizmin inkişafına böyük ziyan vurduğunu bildirib. O, aidiyyatı orqanları bu problemi həll etməyə çağırıb.
İclasda çıxış edən millət vəkilləri bölgələrdə əkin yerlərinin suvarılmasında problemlərin olduğunu, fermerlərin məhsul yetişdirmək üçün su tapmadığını bildiriblər.
İclasda həmçinin paytaxtda olan yaşıllıqlara yaxşı qulluq edilməməsi və vaxtı-vaxtında suvarılmaması məsələsi də gündəmə gətirilib.
Millət vəkili Məlahət İbrahimqızı adiyyatı qurumları işlərinə məsuliyyətlə yanaşmağa çağırıb. Müzakirələr zamanı ölkəmizdə koronavirusa qarşı aparılan effektiv mübarizədən də danışılıb.
Millət vəkili Soltan Məmmədov COVID 19-dan sağalanları digərlərinə dəstək olmağa səsləyib.
Ümumilikdə iclasın gündəliyinə 3 məsələ daxil edilib və növbəti iclas 5 iyunda keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: