Xəzər Xəbər

Gəncədə içməli su və kanalizasiya şəbəkələri yenidən qurulur - VİDEO

Veb TV | 21:00 • 2 İyun 2020
Gəncədə içməli su və kanalizasiya şəbəkələri yenidən qurulur -

Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarının ehtiyatlarından istifadə olunması qərara alınıb. Bu məqsədlə ötən müddətdə Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb.

Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib. Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12 min kubmetr olan 3 su anbarı, 11 km magistral su xətləri inşa edilib. Ötən müddətdə Göygöl və Qızılqaya mənbələrindən şəhərə suyun verilməsi təmin edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi bu ilin martında istismara verilmiş Şəmkirçay sutəmizləyici qurğusu hesabına təmin olunur. Məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğudan şəhərə suyun verilməsi üçün ötən müddətdə 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri tikilib. Gəncə şəhərinin böyüklüyü nəzərə alınaraq içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir. Hazırda icra olunan 4-cü mərhələ çərçivəsində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması və sayğaclaşma işləri davam etdirilir.

Bu mərhələ çərçivəsində işlərin cari ilin sonuna qədər başa matdırılması nəzərdə tutulur. Bununla da şəhər şəbəkəsinin 40 faizinin yenidən qurulması təmin ediləcək. Ümumilikdə Gəncə şəhərində 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin yaradılması nəzərdə tutulur. Şəbəkənin qalan hissəsinin tikintisi növbəti mərhələlərdə həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar