İyunun 15-dən təyyarə uçuşlarının bərpası gözlənilir. Bakıdan və Avropa ölkələrindən biletlərin satışa çıxarılması bunu deməyə əsas verir.
Xezerxeber.az-ın məlumatına görə, bəzi aviaşirkətlər Bakıdan iyunun 15-i üçün beynəlxalq uçuşları həyata keçirmək istəyir.
Türkiyə, eləcə də bir sıra Avropa ölkələrinə ilk uçuşların iyunun 15-i və 19-u tarixlərində olması planlaşdırılır. Artıq aviaşirkətlər və turizm şirkətləri biletlərin satışına başlayıb. Qiymətlər əvvəlki dövrlərlə müqayisədə bahadır. Uçuşlar isə həftədə bir neçə dəfə olmaqla həyata keçiriləcək.
Turizm üzrə ekspert Elgün Babayev deyib ki, aviareyslər barədə elan bir müddət əvvəlcədən verilsə də, maraq olduqca azdır. Vətəndaşlar uçuşların baş tutmamasından və biletlərinin ləğv edilməsindən narahatdırlar.
Elgün Babayev həmçinin bildirib ki, hazırda biletlər vaxt dəyişdirilmə şərti ilə satılır. Uçuşlar ləğv edildiyi halda biletlər növbəti tarixə dəyişdirilir.
"Azərbaycan Hava Yolları" QSC-dən isə bildiriblər ki, xarici aviaşirkətlərin uçuş biletlərini satışa çıxarmasına baxmayaraq, AZAL-a hazırda uçuşların olması nəzərdə tutulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq uçuşların bərpası planlanacaq.
Qeyd edək ki, uçuşların bərpası "COVID-19" pasportu ilə birlikdə tətbiq oluna bilər. "COVID- 19" pasportu beynəlxalq təcrübədə tətbiq olunan bir sistemdir. Bu pasportda koronavirus testinin nəticəsi, keçirilmə tarixi və sağlamlıq haqqında arayışın qeyd olunması nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: