Dünya koronavirusa qarşı mübarizə aparır və təbii olaraq bütün dünya bu məsələdən danışır. Televiziyalar, xəbər portalları, sosial şəbəkələr bu barədə informasiyalar verirlər, müxtəlif məlumatlar yayırlar və hər kəs, o cümlədən uşaqlar bu məlumatlardan təsirlənirlər. Bəs, uşaqlara koronavirus barədə məlumat necə verilməlidir, onlara bu problem necə izah edilməlidir? Psixoloqların bununla bağlı ciddi tövsiyələri var.
Dünyanın yeni növ koronavirus pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda valideynlər öz övladları üçün daha çox narahatdırlar.. Onların əsas məqsədləri uşaqları bu virusun təsirlərindən qorumaqdır...
Ancaq ekspertlər məsələnin yalnız uşaqların əllərinin yuyulması və ya dezinfeksiya olunması ilə bitmədiyini deyirlər... Psixoloqlar bildirirlər ki, əvvəla uşaqda bu virus haqqında təsəvvür formalaşdırılmalıdır. Ancaq bu zaman uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır.
Psixoloq Gülnar Orucovanın sözlərinə görə, uşaqları həm mövcud vəziyyətdən, həm də gələcəkdə onlarda yarana biləcək hər hansı bir travmadan qorumaq üçün əyləncəli üsullardan istifadə edilməlidir.
Psixoloq deyir ki, bu məqamda valideynin buraxacağı hər hansı səhv gələcəkdə uşaqda psixoloji fəsad yarada bilər.