Artıq bir neçə aydır ki, dünya koronavirus ailəsinə aid olan yeni növ virusla tanış olub və bunu "Covid-19" adlandırıb. Bu xəstəlik dünyada böyük bir təlaş və narahatlıq yaratsa da, əslində ciddi qorxuya səbəb olmamalıdır. Bu, bir jurnalist kimi bizim fikrimiz deyil əlbəttə. Bir çox həkimlər bu barədə danışırlar. Araşdırmaların nəticələri onu göstərir ki, koronavirus ümumilikdə insanlar üçün yad bir virus deyil və bundan asanlıqla yan keçmək mümkündür. Təbii ki, preventiv tədbirlərin alınması və şəxsi gigiyena vacib faktorlardır. Yəni təlaşa qapılmadan tədbir almalıyıq.
Dünyada və ölkəmizdə yeni növ koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədilə görülən izolyasiya tədbirləri insanlar arasında təşvişə və qorxuya səbəb olmamalıdır.
Virusun yayılmağa başladığı andan bu günədək həkimlərin apardıqları müşahidələr belə deməyə əsas verir. Araşdırmalara görə, koronavirus ümumilikdə insanlar üçün yad bir virus deyil.
Həkim Vasif İsmayılın sözlərinə görə, virusun yayılmağa başladığı ilk gündən bəri bir neçə ay ərzində aparılan müşahidələr göstərir ki, koronavirusa yoluxmuş insanların əksəriyyəti heç bundan xəbərdar olmur. Virusa ağır şəkildə yoluxan insanlar isə immunitet sistemi zəif olanlardır.
Virusun yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərə gəldikdə isə, bu tədbirlər sadəcə virusun nəzarət altında saxlanması və kütləvi şəkildə yayılmaması üçün atılan addımlardır.
Həkimin sözlərinə görə, koronavirus əsasən yaşlı və xroniki xəstəliyi olan insanlar üçün təhlükəlidir. Bu səbəbdən də insanlara mümkün qədər evlərindən bayıra çıxmamaq tövsiyə edilir.