Koronavirusla Mübarizəyə Dəstək Fondu dövlətin sosial məsələlərdə təkcə təşəbbüsçü yox, eyni zamanda bu cür proseslərin iştirakçısı olduğunu göstərdi. Çünki, bu fonda 20 milyon manatlıq vəsaiti ilk yatıran da elə dövlət özü oldu. İndi isə növbə Azərbaycan cəmiyyətinindir. Bu fonda dəstək olub həyat xilas etmək istəyənlər üçün artıq hesablar da açılıb.
Dünyanı ağuşuna alan və hətta böyük dövlətləri belə çarəsiz qoyan koronavirus infeksiya ilə mübarizədə bütün dövlətlər əllərində olan imkanları maksimum istifadə edirlər. Ancaq ən güclü dövlətlər belə bu məqamda cəmiyyətin dəstəyi olmadan koronavirusa qalib gəlməyin mümkün olmadığı qənatindədirlər. Məhz buna görə də bu məsələdə cəmiyyətin də rolunun artırılması üçün ilk təşəbbüsü məhz dövlət başçısı Koronavirusla Mübarizəyə Dəstək Fondunu yaratmaqla göstərdi. Bu fonda 20 milyon manatlıq ilk vəsaitin də elə dövlət tərəfindən qoyulması onu göstərdi ki, dövlət sosial tədbirlərin təkcə təşəbbüskarı yox, eyni zamanda onun fəal iştirakçısıdır.
Ekspert Ruslan Atakişiyev bildirir ki, Azərbaycan dövləti sahibkarların fəaliyyəti, eləcə də onların öz bizneslərini genişləndirmələri üçün kifayət qədər addımlar atıb. İndiki bu çətin məqamda biznes dairələri sosial məsuliyyəti bölüşməli və bu fondun fəaliyyətinə dəstək olmalıdırlar.
Fondun əhəmiyyətli xüsusiyyətlərindən biri isə burda toplanan vəsaitlərin birbaşa koronavirusla mübarizəyə sərf olunacağı və aparılan fəaliyyətlərin bütün cəmiyyətə açıq olmasıdır.
Onu da qeyd edək ki, artıq Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə dəstəyi vermək üçün Mərkəzi Bank və Beynəlxalq Bank rekvizitləri açıqlayıb. Bundan əlavə Maliyyə Nazirliyinn dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsində xəzinə hesab kitabı açılıb. İş adamları, eləcə bütün vətəndaşlar bu hesablara vəsait qoyaraq koronavirusla mübarizəyə dəstək verə bilərlər.