Bakıda narkotik satışı ilə məşğul olan dəstə üzvləri saxlanıb. Onlardan 4 kiloqramdan artıq narkotikvə psixotrop maddələr aşkarlanıb. Astarada da 4 kiloqrama yaxın narkotik maddə dövriyyədən çıxarılıb
Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanıb. Daxili işlər nazirliyinin baş narkotiklərlə mübarizə idarəsinə Ceyhun adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə məlumat daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abışov saxlanıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 5 qram heroin və 102,3 qram metamfetamin aşkar edilib. Ceyhun Abışov ifadəsində qeyd edib ki, narkotik vasitələri Əmir adlı şəxsdən satmaq niyyəti ilə əldə edib.
Əməliyyat tədbirlərinin davamı olaraq ona narkotik satan paytaxt sakini Əmir Babayev də tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı külli miqdarda narkotik vasitələr - 1 kiloqram 910 qram tiryək, 30,3 qram heroin və 1 kiloqram 15 qram marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Astarada keçirilən daha bir əməliyyatla 3,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon Ərçivan qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Şükür Səmədov 1 bükümdə heroini satarkən cinayət başında saxlanıb. "İsti izlər"lə davam etdirilən tədbirlər zamanı saxlanan şəxsin Ərçivan qəsəbəsindəki yaşadığı evdən ümumi çəkisi 3 kiloqram 697 qram narkotik vasitə tiryək, 2 bükümdə ümumi çəkisi 1,546 qram metamfetamin və 1 bükümdə heroin aşkarlanaraq götürülüb. Şükür Səmədov narkotik vasitəni Behman adlı İran vətəndaşından əldə etdiyini və satışını təşkil etmək üçün evində saxladığını bildirib. Faktla bağlı Astara Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.