Prezident Donald Tramp Almaniyaya məxsus "CureVac” şirkətinə koronavirusa qarşı peyvənd fəaliyyətlərini ABŞ-da davam etdirməsi üçün külli miqdarda pul təklif edib.
"Welt am Sonntag” qəzeti Almaniya hökumətindəki mənbəyə istinadən belə iddia ilə çıxış edib. İddialara görə, "Ağ ev” rəhbəri Dövlət Departamenti vasitəsiylə şirkətə ABŞ-dakı xəstələr üçün xüsusi peyvənd hazırlamasını və bu dərmanın təkcə Vaşinqtonun əlində olmasını təklif edib.
Məsələ barədə açıqlama verən şirkət nümayəndələri iddiaları təkzib edib. Almaniya hökuməti isə hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, iddialarda yer alan ABŞ-ın peyvəndə nəzarəti öz əlində saxlaması barədə planları bəzi dairələr tərəfindən ciddi etirazla qarşılanıb./publika.az