Azərbaycanın siyasi həyatında yeni dönəm başlayıb. Ölkədə siyasi qüvvələr arasında kommunikasiya imkanları yaradılır, daxili siyasi gündəliyin irəli sürdüyü, siyasi partiyaların fəaliyyəti ilə əlaqədar məsələlər birbaşa müzakirə edilir. Bu, dövlət başçısının islahatlar konsepsiyasının tərkib hissəsi olan siyasi islahatların vacib elementidir. Bu prosesdə ayrıseçkilik qoymadan bütün siyasi partiyalarla görüşlərin keçirilməsi, müzakirələrin aparılması təqdirəlayiqdir. Prosesə , ölkədə fəaliyyət göstərən siyasi partiyaların peşəkar yanaşması da mütləqdir.
Prezident Administrasiyasında "Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr'' şöbəsinin yaradılması daxili siyasi proseslərdə yeni təşəbbüslərin dəstəklənəcəyinə böyük ümid yaratdı. Bunun ardınca siyasi partiyalarla görüşlərin keçirilməsi maraqla qarşılandı. Proses geniş, sistemli və əhatəli şəkildə start götürdü və problemlərin həllində informasiya bazası rolunu oynadı. Habelə dövlətin ana cizgilərini, dövlətçilik yolunda partiyaların həmrəyliyi məsələsini ön plana çəkdi. Millət vəkili Fazil Mustafanın sözlərinə görə, dövlətin bu məramına siyasi partiyaların dəstəyi mütləqdir.
Millət vəkili bildirir ki, iqtidar digər siyasi qüvvələrin kommunikasiya imkanlarının yaranması və müzakirələrin aparılmasını ümumi dövlət maraqları kontekstində nəzərdən keçirir. Bu, həm də Prezident tərəfindən başladılan geniş ictimai dialoqun bir hissəsi kimi dəyərləndirilə bilər.
Azərbaycan hökuməti siyasi plüralizmi əsas tutaraq bu işə tam ciddiyəti ilə yanaşır. Təbii ki, bu proses birtərəfli qaydada ola bilməz, çoxtərəfli səylər və konstruktiv yanaşma tələb edir. Lakin araşdırma göstərir ki, bu mövzuda siyasi partiyaların çoxu fəaliyyətsizdir. Ölkəmizdə dövlət qeydiyyatına alınmış 55 siyasi partiyanın əksəriyyətinin mətbu orqanı yoxdur və onların fəaliyyəti yalnız sosial şəbəkələrlə məhdudlaşıb. Lakin dialoq mühitinin prioritetlər sırasında olduğu bir vaxtda siyasi partiya rəhbərləri özləri də təşəbbüs və təkliflərlə çıxış etməli, təhlil tələb edən məsələləri qabartmalıdırlar. Burada informasiya-təbliğat, peşəkar yanaşma əsas şərtlərdən hesab olunur. Ümid edirik ki, ölkədəki siyasi qüvvələr hökumətin başlatdığı müzakirə formatını düzgün qiymətləndirəcək və prosesin irəliləməsinə çalışacaqlar. Bundan başqa, yeni ictimai-siyasi şəraitdə partiyalar yalnız virtual həyatda deyil, real həyatda da aktivliklərini artırmalı, iqtidarın başlatdığı müsbət təşəbbüsə öz töhfələrini verməlidirlər.