Xəzər Xəbər

"Xəzər" Televiziyasında Operativ Qərargah yaradılıb VİDEO

Veb TV | 21:47 • 14 Mart 2020
"Xəzər" Televiziyasında Operativ Qərargah yaradılıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlardan sonra "Xəzər" Televiziyasında da bu istiqamətdə bir sıra addımlar atılıb. Şirkətdə yaradılan operativ qərargah televiziyanın işinə xələl gəlməmək şərtilə işçilərin 60 faizinin fəaliyyətini evdə davam etdirmələri barədə qərar qəbul edib. Həmçinin şirkətin giriş və çıxışlarında hərarəti uzaq məsafədən ölçə bilən cihazlar qoyulub və bunların istifadəsi ilə bağlı işçilər təlimatlandırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 aylıq sosial izolyasiya qərarından dərhal sonra "Xəzər TV" MMC-nin baş direktoru Murad Dadaşovun sədrliyi ilə televiziyamızda Operarativ Qərargah yaradılıb. İlk toplantıda qərara alınıb ki, dünyada geniş yayılmış "COVİD-19" pandemiyası ilə əlaqədar olaraq televiziyanın fəaliyyətinə xələl gəlməmək şərtilə şirkət əməkdaşlarının 60 faizi işini evlərində davam etdirsin.

Xüsusi ilə də şirkətin girişi xüsusi nəzarətə götürülüb. Qəbul otaqları bədənin hərarətini məsafədən ölçə bilən termometrlərlə təchiz edilib. Bununla əlaqədar olaraq, Respublika Diaqnostika mərkəzinin baş tibb bacısı Natavan Xankişiyeva şirkətin mühafizə heyətini təlimatlandırıb.

Təlimatlandırmadan sonra binaya daxil olan bütün insanların hərarətinin ölçülməsinə başlanıb.

Şirkətin girişlərində, həmçinin bütün mərtəbələrdə binaya daxil olan insanların əllərini dezinfeksiya edə bilmələri üçün xüsusi antiseptik maye qoyulub.

Xəzər televiziyasının yayım cədvəlinin əsasını təşkil edən serialların çəkiliş prosesi də xüsusi nəzarətə götürülüb və serial əməkdaşlarının təhlükəsizliklərinin təmin edilməsi üçün bir sıra vacib addımlar atılıb.

Bununla yanaşı, qərara alınıb ki, bir sıra studiya çəkilişləri tamaşaçılar olmadan həyata keçirilsin.

Televiziyamızın əməkdaşları arasında hətta Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından sonra toy mərasimini təxirə salanlar da var.

Qeyd edək ki, bütün bu tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınaraq həyata keçirilir.

Xəbər lenti