Koronavirusun yeni növünün Azərbaycanda yayılmasının qarşısını almaq üçün ticarət mərkəzlərinə xüsusi qaydalar tətbiq edilir, bir sıra xidmətlərin göstərilməsi dayandırılıb, endirim kampaniyaları qadağan olunub. Eyni zamanda ölkəmizdə fəaliyyət göstərən idman zallarının da fəalliyəti dayandırılıb. Yaxın günlərdə Azərbaycanda baş tutacaq idman yarışları isə təxirə salınır. Hətta Bakıda keçiriləcək "Formula 1" yarışının da təxirə salınması gözlənir.
Ticarət mərkəzlərinin girişinə dezinfeksiya edici məhlullar qoyulub. Bu mərkəzlərin fəaliyyətinə saat 21:00-a qədər icazə verilib və üstəlik insanları bura çəkən endirim kampaniyalarının keçirilməsi qadağan edilib. "COVİD-19" virusunun ölkəmizdə yayılmasının qarşısını almaq üçün həyata keçirilən bu tədbirlərin məqsədi Azərbaycan vətəndaşının təhlükəsizliyini təmin etməkdir.
Yeni qərara əsasən, ticarət mərkəzləri saat 21:00-a qədər fəaliyyət göstərəcək. Bundan başqa, gün ərzində molların havatəmizləmə sistemləri daim işlək vəziyyətdə olmalı və hər gün gecə saatlarında ümumi dezinfeksiya işləri aparılmalıdır.
Eyni zamanda Gənclər və Idman Nazirliyindən verilən məlumata görə, ölkəmizdə keçiriləcək bir sıra idman yarışları da təxirə salınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkəmizdə idman zallarının da fəaliyyəti dayandırılıb. Bununla bağlı nazirlik tərəfindən federasiyalara göstərişlər verilib.
Bununla yanaşı, müxtəlif idman növləri üzrə milli komandanın üzvü olan idmançılar mütəmadi şəkildə tibbi yoxlanışdan keçirilir və onların gigiyenik şəraitdə məşqlərini davam etdirmələri üçün şərait yaradılır.