Martın 13-də altıncı çağırış Milli Məclisin növbəti iclası keçirilib.
Xezerxeber.az xəbər verir ki, iclası açan sədr Sahibə Qafarova parlament seçkilərinin nəticəsi olaraq ölkəmizin altıncı çağırış Milli Məclisinin uğurla formalaşdığını bildirib.
İclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da iştirak edib və deputatlara vəsiqələrini təqdim edib.
İclasda əmanətlər üçün mart ayında başa çatan tam sığortalanma müddətinin 9 ay uzadılması ilə bağlı müzakirələr daha çox diqqət çəkdi. Bununla bağlı çıxış edən millət vəkili Əli Məsimli bildirib ki, təklifdə qoyulan müddətin artırılmasına ehtiyac var.
Əmanətlərlə bağlı danışan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bildirib ki, 9 ay müddət kifayət qədər yetərlidir və qanun layihəsi elə bu müddətlə də səsə qoyularaq qəbul edildi. Neftin qiymətinin aşağı düşməsinə görə manatın məzənnəsi ilə bağlı narahatlıqlar da Milli Məclisdə geniş müzakirə olundu. Bu barədə danışan komitə sədri Tahir Mirkişili Azərbaycanın valyuta ehtiyatlarının uzun müddət bütün ölkəni təmin edə biləcəyinə və buna görə narahatlıqların əsassız olduğuna diqqət çəkib.
Məsələ ilə bağlı müzakirələrdə iştirak edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev neftin qiymətinin aşağı düşməsinin, eləcə də koronavirus təhlükəsinin qısa zamanda bitəcəyini bildirib.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə təhsil krediti ilə bağlı məsələdən danışaraq gənclərin təhsil imkanlarının genişləndirilməsi üçün bu məsələnin həll edilməsinin vacibliyinə diqqət çəkib. Parlamentdə yeni deputatlardan olan REAL partiyasının üzvü Erkin Qədirli isə vətəndaş cəmiyyətinin fəaliyyətinin genişləndirilməsi üçün qeyri-hökümət təşkilatları haqqında, eləcə də qrantlar haqqında qanuna yenidən baxılmasını təklif edib. Daha sonra parlamentin 15 komitəsinin üzvləri seçilərək təsdiqləniblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: