Kəsiri olan və üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbələrə təqaüdün verilməsi dayandırılacaq. Bundan əlavə bakalavriat və magistratura təhsilinin məzmunu, eləcə də təşkili səlahiyyətləri də Təhsil Nazirliyindən alınaraq Nazirlər Kabinetinə verilib.
Baş nazir təhsillə bağlı yeni qərar imzalayıb
Dövlət ali və orta ixtisas təhsil müəssisələri eləcə də AMEA-nın da magistratura səviyyəsində təhsil alan tələbələr imtahandan kəsildikləri andan onlara təqaüdün verilməsi dayandırılacaq. Öncəki qaydalara əsasən həmin tələbələr yeni semestr başlayana qədər imatahanı yenidən verib keçə bilirdilərsə onda təqaüd almağa davam edirdilər. Ancaq indi onlar bu hüquqdan istifadə edə bilməyəcəklər. Bu barədə danışan təhsil eksperti Elçin Süleymanov bildirir ki, bu cür qərarın verilməsi maliyyələşmə zamanı yaranan problemləri həll etməyə imkan verəcək.
Bundan əlavə üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni dinləmədən imtahan verərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilmir.
Baş nazir bakalavriat və magistratura pilləsində təhsilin təşkili ilə bağlı səlahiyyətləri də Təhsil nazirliyindən alaraq Nazirlər Kabinetinə verib. Ekspertin sözlərinə görə bu ali təhsilə dövlət nəzarətinin daha da güclənməsinə səbəb olacaq. Ancaq bəzi məsələlər təhsil nazirliyi və ali məktəblərin özlərinə həvalə edilib.
Onu da qeyd edək ki, indiyədək bu hər iki təhsil pilləsində təhsilin məzmunu və təşkili səlahiyyəti təhsil nazirliyində olub.