Bu gün Azərbaycan tamaşaçısının mavi ekranda İsmayıl obrazıyla tanıyıb sevdiyi, çəkdiyi "Fəryad" filmiylə Qarabağ dərdinə birlikdə ağladığı aktyor-rejissor Ceyhun Mirzəyevin vəfatından 27 il ötür.
O, sadəcə 47 il ömür sürdü. Onun da 35 ilini kinoya həsr elədi. Milli kinomuzun fəryadı Ceyhun Mirzəyev aktyor olmaq üçün doğulmuşdu. Onun uşaqlığı da ömrünün son illəri də tamaşaçının gözü qarşısında keçdi. Sənət dostu Şamil Süleymanov yaxın dostu haqqında xatirələrini belədanışır.
Ceyhun Mirzəyev yaddaşlarda həm də "Fəryad" filmiylə qaldı.Son səhnədəki o məşhur baxış heç unudulmadı.Əsirlikdə qalan Vətən övladlarının bütün nisgili toplanmışdı o baxışlara. Və İsmayıl elə o baxışla da həyata gözlərini yumdu. Filmin premyerasını görmək belə ona qismət olmadı.
Bu gün Yasamal qəbiristanlığında başdaşına balaca İsmayılla hərbiçi İsmayılın şəkilləri vurulan kiçik bir məzar yatır. Aktyor rejissor Ceyhun Mirzəyevin həyatdakı iki rolu daşa həkk olunub. Xalqımızın yaddaşına həkk olunan kimi...