Türkiyənin Ankara vilayətində minik avtomobilinin və TIR-ın iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident bu gün gecə saatlarında Ankara – Əskişəhər avtomagistralının Poladlı rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücü idarə etdiyi 06 UC 214 qeydiyyat nömrə nişanlı "Ford” markalı minik avtomobili ilə, hərəkətdə olan zaman naməlum səbəblərdən qarşısında irəliləyən TIR-a arxadan çırpılıb. Ön hissəsi tamamilə TIR-ın yük yerinin altına girən avtomobildəki 2 nəfər ağır xəsarətlər alıb. Qəzanı görən vətəndaşlar dərhal polis, səhiyyə və xilasetmə xidmətinə zəng vurublar. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının əməkdaşları, avtomobildəki 2 nəfərə tibbi yardım etmək istəyərkən onların öldüyünü müəyyən ediblər.
Dünyasını dəyişən iki nəfərin cəsədi təcili tibbi yardım maşınlarının köməkliyi ilə Poladlı Dövlət Xəstəxanasına aparılıb.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.