Madridin Komplutense Universitetinin tədqiqatçıları düyünün mənşəyini və müxtəlifliyini fərqləndirən 27 min foto əsasında alqoritm yaradıblar. Bu sistem qida məhsullarının keyfiyyətinə nəzarəti əsaslı şəkildə dəyişdirə bilər.
XəzərXəbər AZƏRTAC-a istinadən bildirir ki, isveçrəli elmlər doktoru Fransuaza Frides altı il ərzində basmati düyüsünün onlarca nümunəsinin DNT-sini təhlil edərək belə qənaətə gəlib ki, onların üçdəbir hissəsində bir dənə də olsun basmati düyüsü yoxdur. İspaniya alimlərinin fikrincə, Komplutense Universitetinin yenicə dərc etdiyi tədqiqatlar sayəsində mürəkkəb DNT tədqiqatlarına müraciət etmədən də düyü ilə bağlı dələduzluğun qarşısını almaq olar.
Kimyaçı Xose Torresilyanın başçılıq etdiyi komanda düyü və düyü unu növlərini sadə fotonun köməyi ilə identifikasiya etmək sistemi işləyib hazırlayıb. Bunun üçün təsviri alimlərin yaratdığı kompüter proqramına daxil etmək kifayətdir. Sistem düyü barədə dəqiq məlumat təqdim edir.
Bir qrup alim hər birində bir ovuc düyü və düyü unu təsviri olan 27 min fotodan ibarət məlumat bazası yaradıblar və bu fotolar əsasında bir məhsulu digərindən fərqləndirə və deməli, mümkün dələduzluğu üzə çıxara bilən alqoritm əldə ediblər. Bu saxtalaşdırmalar əslində istehlakçıların sağlamlığına təhlükə yaratmır, lakin keyfiyyəti aşağı olan məhsulun qiymətlərinin artmasına şərait yaradır. Nəticələr "ScienceDirect" elmi məqalələr saytında təqdim edilib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2019-cu ildə dünyada dənli bitkilər istehsalı təqribən 2685 milyon ton təşkil edib, bu bitkilər arasında üçüncü yeri çəltik tutub. İspaniya Avropada düyüdən ən çox istifadə edən ikinci ölkədir. Avropa Komissiyasının qida məhsulları ilə bağlı dələduzluq əleyhinə şəbəkəsinin məlumatına görə, kontrafakt qida barədə xəbərdarlıq ildən ilə artır və təkcə 2018-ci ildə 3600-dan çox saxta qida məhsulu və içki müsadirə edilib.
Dünya Bankının məlumatına görə, təhlükəli qidalanma səmərəliliyin itirilməsinə və tibbi xərclərə görə hər il gəlir səviyyəsi aşağı və orta olan ölkələrə 110 milyard dollara başa gəlir. Ötən il Dünya Bankı ərzaq təhlükəsizliyinin prioritet kimi həmin ölkələrin dövlət siyasətinə daxil edilməsinə dair təlimat təqdim edib.
Hazırda düyü kimi məhsulların keyfiyyəti ispan alimlərinin təqdim etdiyi həll yolu ilə müqayisədə daha bahalı kimyəvi ölçmə avadanlığının köməyi ilə yoxlanılır. X.Torresilya deyib: "Bizim metod çox ucuzdur. Biz bu riyazi modeli smartfonların çəkdiyi fotolarda yoxlamışıq və onun işlədiyini görmüşük. Sistemin hətta unu çox dəqiq identifikasiya etməsi bizi xüsusilə heyrətləndirib".
Bu layihə universitetin maliyyə dəstəyi ilə həyata keçirilib. Onun nəticələri gələcəkdə başqa tip məhsullara da tətbiq edilə bilər.