Bakıda avtobusdan enmək istəyən sərnişin yıxılaraq ağır xəsarət alıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonu, Buta qəsəbəsində baş verib.
İddiaya görə, qəsəbə sakini 1980-ci il təvəllüdlü İsmayılov Elnur Cavad oğlu 126 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyib. Bu zaman o, hərəkət etməyə başlayan avtobusdan yerə yıxılaraq xəsarət alıb.
Yaralı təcili tibbi yardım avtomobili ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisə ilə bağlı 126 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun dispetçeri İsmayıl adlı şəxs isə şifahi olaraq bildirdi ki, Elnur İsmayılov avtobusun içərisində yox, dayanacaqdan bir neçə metr aralıda yıxılıb. Yəni bu hadisənin marşrut xəttinə heç bir aidiyyəti yoxdur.
Bakı Nəqliyyat Agentliyindən isə ''Xəzər Xəbər''ə bildirildi ki, hadisə ilə bağlı 126 saylı marşrut avtobusunun sahibkarı Baxşəli Mirzəyev izahat alınması üçün Agentliyə çağırılıb. Hazırda məsələ ilə bağlı Qaradağ rayon Polis İdarəsində də araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: