Bakıda çağırışa gedən təcili tibbi yardım avtomobili qatarla toqquşub.
Xezerxeber.az-ın məlumatına görə, ağır yol-nəqliyyat hadisəsi gecə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qorunmayan dəmiryolu keçidində baş verib.
Xəzər rayonu 10 saylı Təcili Yardım Stansiyasına məxsus Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti avtomobili qorunmayan dəmiryol keçidindən keçib. Bu zaman yük qatarı avtomobili vurub. Təcili yardım briqadasının üzvləri ağır xəsarət alıb. Yaralılar - həkim Zərifə Süleymanova, tibb işçisi Bayram Nəsibov və sürücü Mais Kərimov xəstəxanaya aparılıblar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi Rəvanə Əliyeva ''Xəzər Xəbər''ə bildirdi ki, yaralılar - həkim, tibb işçisi və sürücü 3 saylı Şəhər Klinik Xəstəxanasına təcili yardım vasitəsilə çatdırılıblar. Həkimə üz dəri nahiyəsinin çapılmış yarası və qapalı kəllə-beyin travması, tibb işçisinə bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi və qapalı kəllə-beyin travması, sürücüyə isə aşağı ətrafın dərin kəsiyi diaqnozu qoyulub. Hər üç yaralı yardım göstərildikdən sonra ambulator müalicə üçün evə göndərilib. Hazırda vəziyyətləri stabildir.
Qeyd edək ki, hadisə ilə bağlı ''Azərbaycan Dəmir Yolları'' Qapalı Səhmdar Cəmiyyəti də məlumat yayıb. Qurumun mətbuat katibi Natəvan Bayramovanın veridiyi məlumata görə, Mais Kərimovun idarə etdiyi ''90-JB-417'' dövlət nömrə nişanlı təcili tibbi yardım maşını stansiyanın yaxınlığındakı qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib. Bu zaman nəqliyat vasitəsi yolla hərəkət edən lokomotivlə toqquşub. Qəzanın nəticələri saat 06:45-də aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub. İlkin araşdırma nəticəsində məlum olub ki, təcili yardım maşınının sürücüsü ''Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərini pozub.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: