Bəzi bölgələrdə torpaq bazarında durğunluq olsa da, iri şəhərlərdə tələbat artır.
Xezerxeber.az-ın məlumatına görə, son iki ayda Sumqayıtda torpaq sahələrinin qiyməti qalxıb. Artımın nisbəti isə ərazilərə görə dəyişir.
Daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olanlar bildirir ki, şəhərin mərkəzi yerlərində 25-30, kənar ərazilərdə isə 15-20 faiz artım müşahidə edilir.
Hazırda Sumqayıt şəhərinin Hacı Zeynalabdin, Corat qəsəbəsi, Yaşıldərə, Novxanı və Xəzər bağlarında həyətyanı sahələrə təlabat daha çoxdur.
Mingəçevirdə də torpaq alıb ev tikmək istəyənlərin sayı artıb. Rieltor xidmətilərindən verilən məlumata görə, şəhərin mərkəzində 1 sot torpaq sahəsi üçün 12-15, kənar hissələrdə isə 1000 manat ödəniş etməklə torpaq almaq mümkündür. Mingəçevirdə torpaq sahəsinin baha satıldığı ərazilər əsasən Kür çayının sahilləri hesab edilir. Hazırda şəhər sakinləri hazır evlərə deyil, torpaq sahəsi alıb mənzilləri istədikləri formada tikməyə üstünlük verirlər.
Şəhər sakinləri bildirir ki, Mingəçevirdə ötən illərlə müqayisədə torpaq sahələrinin qiymətində artım var.
Lənkəranda torpaq satışı bazarında isə 3 aya yaxındır ki, durğunluq yaşanır. Torpağın qiyməti sahələrinin yerləşdiyi ərazilərə görə dəyişir. Torpaq alqı-satqısı ilə məşqul olanlar deyir ki, Lənkəranda satış üçün əlverişli torpaqlar olsa da, alan yoxdur. Bu səbəbdən torpaq satanlar məcbur qalaraq qiymətlərdə endirim edirlər. Torpaq sahəsi almaq istəyən şəxslər əsasən şəhərətrafı ərazilərə və rayona yaxın kəndlərə üz tuturlar.
Ötən il dənizkənarı ərazilərdə torpağın 1 sotu 7-8 min manata satılırdısa, indi həmin yerlərdə 4-5 min manata təklif olunur. Ən bahalı ərazi isə şəhərin Sütəmurdov kəndidir ki, burada qiymət 8-10 min manat arası dəyişir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: