"Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq".
Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, turistlər onları maraqlandıran məlumatları həm Mərkəzdə, həm də istifadəyə veriləcək dördrəqəmli "qaynar xətt" vasitəsilə əldə edə biləcəklər.
Fuad Nağıyev həmçinin deyib ki, Mərkəzin yerləşəcəyi yer artıq müəyyənləşib və konsepsiyası hazırlanıb.
Turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, hazırda Bakıda turistlər üçün nəzərdə tutulmuş 3 informasiya mərkəzi var. Dəstək mərkəzinin informasiya mərkəzlərindən fərqli olaraq əsas funksiyası turistlərin müraciətlərinin vahid mərkəzdən koordinasiya edilməsidir. Nəqliyyat, transfer, otel, tur şirkət və başqa məsələlərlə bağlı problemlə üzləşən turistlərə bu mərkəzlərdə xidmət göstəriləcək.
Rəhman Quliyev deyib ki, belə təcrübə turizm potensialı olan bir çox qabaqcıl ölkələrdə var. Belə bir mərkəzin Azərbaycanda yaradılması turistlərin sayının artmasına da gətirib çıxaracaq.
Qeyd edək ki, turistlərə dəstək mərkəzi bu ildən fəaliyyətə başlayacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: