Bakıda pirotexniki vasitələr satan ata və oğul tutulub. Həmin şəxslərdən insanların sağlamlığına zərər vuran, əhalinin istirahətinə maneə yaradan külli miqdarda partlayıcı vasitələr aşkar edilib
Pirotexniki vasitələr satan şəxslər saxlanıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində əməliyyat keçirilib. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ''Sədərək'' ticarət mərkəzində pirotexniki vasitələrin satışını həyata keçirən Astara sakini Seymur Hənifəyev və onun oğlu Fərid Hənifəyev saxlanıblar.
Həmin şəxslərə məxsus ticarət mərkəzində yerləşən mağaza və anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb.Saxlanılan şəxslər ifadələrində pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.