Xəzər Xəbər

Qazaxda dələduzluq edən şəxslər saxlanılıblar VİDEO

Veb TV | 18:05 • 23 Dekabr 2019
Qazaxda dələduzluq edən şəxslər saxlanılıblar

Qazaxda polis şöbəsinə ərizə ilə müraciət edən rayon sakini iki naməlum şəxsin onun mağazasına daxil olaraq dələduzluq yolu ilə 250 manat pulunu mənimsədiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan daxil olan məlumatda bildirilir ki, dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum edilmiş Ağstafa rayon sakinləri 57 yaşlı Hüseyn Nuriyev və 60 yaşlı Məzahir Mirzəyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən Hüseyn Nuriyev əvvəlcədən hazırlanan plan əsasında əlində bir neçə qaşıq dəsti ilə mağazaya daxil olub. Sonra Məzahir Mirzəyev gələrək "tanımadığı” H. Nuriyevin əlindəki qaşıqları qədimi olduğu üçün almaq istədiyini bildirib. Müəyyən "razılaşma”dan sonra o, mağaza satıcısından 250 manat borc alaraq H.Nuriyevə verib, qaşıqları isə mağazada girov qoyaraq geri qayıdacağını bildirib.

Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər və bildiriblər ki, rayon ərazisində digər bir mağaza satıcısını da eyni üsulla aldadaraq 150 manat pulunu mənimsəyiblər.

Həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirak etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətinə və ya Qazax Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti