Dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Kral II Abdullahın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İordaniya Kralına raport verdi.
İordaniya Kralı Azərbaycan əsgərlərini salamladı.
Prezident İlham Əliyev və Kral II Abdullah fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
İordaniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Kral II Abdullaha, İordaniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın qarşısından keçdi.
Prezident İlham Əliyev və Kral II Abdullah rəsmi foto çəkdirdilər.
***Dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə təkbətək görüşü olub.
Ali qonağı salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Əlahəzrət, əziz qardaşım, Azərbaycana xoş gəlmisiniz. Mənim dəvətimi qəbul edib bizə səfər etdiyiniz üçün Sizə təşəkkür edirəm. Bu səfər ikitərəfli gündəliyimizdəki vacib məsələlərlə bağlı bir daha müzakirələr aparmaq üçün çox yaxşı imkandır. Bu yaxınlarda biz Soçidə görüşdük və bizim söhbət etmək imkanımız oldu. Mən bir daha Sizi ölkəmizə səfərə dəvət etdim. Şadam ki, çox məşğul olmağınıza baxmayaraq, qısa müddət ərzində bizi ziyarət etdiniz. Azərbaycanda Sizi qəbul etmək həqiqətən böyük şərəfdir. Siz burada bizim əziz qonağımızsınız. Əminəm ki, bu səfər ərzində biz qardaşlıq münasibətlərimizin daha da inkişafına birgə töhfə verəcəyik. Bu münasibətlər müxtəlif sahələri əhatə edir. Biz beynəlxalq arenada səylərimizi əlaqələndirməyə çox şadıq. Beynəlxalq təşkilatlarda bir-birimizi çox vacib məsələlərlə bağlı dəstəkləyirik. Siyasi təmaslar əladır. Mən iqtisadi göstəricilərə baxdım. Düşünürəm ki, biz daha gərgin çalışmalıyıq. Əlbəttə ki, biz bunu edəcəyik və bu gün bu məsələ ilə bağlı geniş müzakirə aparacağıq. Şadam ki, bu il İordaniyadan Azərbaycana gələn turistlərin sayında artım olub. Artım 20 faizdən çoxdur. Hesab edirəm ki, biz insanların bir-birilərini daha tez-tez ziyarət etmələri üçün birbaşa hava əlaqəsinin yaradılması imkanını da müzakirə edə bilərik.
Bir daha xoş gəlmisiniz və Sizə Bakıda xoş vaxt keçirməyi arzu edirəm.
İordaniya Kralı II ABDULLAH dedi:
-Mənim əziz qardaşım, çox sağ olun. Dediyiniz kimi, Sizi bu yaxınlarda Soçidə görmək xoş idi. Son iki onillikdə mənim buraya səfərimlə bağlı çoxlu gözəl xatirələrim olub. Mən əziz dostumla burada olmaqdan şadam. Bilirəm ki, beynəlxalq arenada Siz çox vacib rol oynayırsınız. Xüsusilə də bu yaxınlarda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Görüşü ilə bağlı təbriklərimi Sizə çatdırıram.
Dediyiniz kimi, əziz qardaşım, bizim siyasi, kəşfiyyat, hərbi sahələrdə əlaqələrimiz güclüdür. İqtisadiyyat sahəsini inkişaf etdirə bilərik. Əminəm ki, bu gün müvafiq görüşlərimiz olacaq. Lakin buraya gəlmək istədim ki, Sizə regionda və dünyada oynadığınız rolunuza görə təşəkkürümü bildirim. İnanıram ki, İnşallah, regionumuzda olan çağırışların öhdəsindən gəlmək üçün daha çox məsələlərlə bağlı müzakirələr apara bilərik. Mən Sizin liderliyinizə, ölkəmizə münasibətdə xeyirxahlığınıza və dəstəyinizə hər zaman arxalanıram. Bu xoş dostluğa görə Sizə təşəkkür edirəm.
***Dekabrın 10-da təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə işçi nahar edib.