Bakıda 5 və 6 yaşlı uşaqların atası və ögey anası tərəfindən döyülərək işgəncəyə məruz qaldığı iddia olunur. Hadisənin təfərrüatlarını ''Xəzər Xəbər''ə uşaqların nənəsi danışıb. Artıq baş vermiş hadisə ilə bağlı dövlət qurumları rəsmi məlumat yayıb. Baş prokuror Zakir Qaralov isə hadisəni xüsusi nəzarətə götürüb.
Ata və ögey ananın 2 azyaşlı uşağa işgəncə verdiyi iddia olunur.
Hadisə Paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.Belə ki, uşaqların nənəsi Tamaşa İbrahimova ''xəzər xəbər''ə bildirib ki,həmin qəsəbədə yaşayan Qulu və Hüseyn adlı qardaşların anası,yəni qızı uşaqlar körpə olarkən vəfat edib.Tamaşa İbrahimov deyir ki,qızı öləndən sonra, bir müddət uşaqları həyat yoldaşı ilə birlikdə saxlayıb.Lakin sonradan ata Xanlar Əkbərov məhkəməyə müraciət edərək uşaqları ondan alıb və görüşə icazə verməyib.
Tamaşa İbrahimova iddia edir ki, Xanlar Əkbərov və ögey ana Nuranə adlı şəxs azyaşlılara işgəncə verib.
Uşaqlar hazırda nənə və babasının yanındadırlar. Onların atanın himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib.
Baş vermiş hadisə ilə bağlı Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi araşdırmalara başlayıb. Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov bildirib ki,araşdırmalardan sonra ictimaiyyətə yekun məlumat veriləcək.
Uşaqların atası və ögey anası tərəfindən işgəncəyə məruz qalması hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq da açıqlama yayıb. Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki,Ağcabədi rayon sakini Tərgiz İbrahimova Nazirliyin 102 Xidmətinə müraciət edərək mərhum bacısının Sabunçu rayonunda yaşayan iki azyaşlı övladı Hüseyn və Qulunun ataları Xanlar Əkbərov və ögey anaları Nuranə tərəfindən işgəncəyə məruz qalmasını bildirib. Müraciət əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində təhqiqat aparılıb:"Araşdırma zamanı tərəflərin izahatı alınaraq hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən olunması üçün məhkəmə tibb ekspertizası təyin olunub. Ekspertlərin rəyinə görə, hər iki azyaşlının bədənlərinin müxtəlif hissələrinə müxtəlif vaxtlarda yetirilən xəsarətlərin sağlamlığa yüngül və az ağır zərər vurmaya aid olduğu müəyyən edilib. Hər iki valideynin uşaqlara əzab verməsi ilə bağlı toplanmış materiallar cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib".
Bu arada Baş Prokuror Zakir Qaralov baş vermiş hadisəni nəzarətə götürüb.Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün "Facebook" səhifəsində məlumat yayıb. Eldar Sultanov qeyd edib ki,yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb və araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.