Azad Ticarət Zonasının ilk nümunəsini artıq Azərbaycan ələtdəki dəniz ticarət limanında yaratmağa başlayıb. Gömrükdən və vergidən azad olmaq bu ərazidə fəaliyyət göstərənlərin işini dəfələrlə yüngülləşdirəcək. İqtisadçı-ekspertlər isə düşünürlər ki, belə xüsusi iqtisadi zonaları Azərbaycanın digər bölgələrində də yaratmaq və daha çox qazanc əldə etmək mümkündür.
Qaradağ rayonunun Ələt qəsəbəsində Azad Ticarət Zonasının yaradılması ilə Azərbaycanda yeni bir iqtisadi model ortaya qoyulmuş oldu. 115 hektar ərazidə yaradılacaq Azad Ticarət zonasına daxil olan məhsullar gömrük rüsumlarından, eləcə də bir sıra vergilərdən tamamilə azad olunacaq. Nəticədə həmin ərazidə istehsal olunacaq məhsulların maya dəyəri aşağı düşəcək və onların xaricə ixrac həcmi sürətlə artacaq.
Bu xüsusi iqtisadi zona modelindən ən çox istifadə edən Çin dünyanın ən böyük ikinci iqtisadiyyatına sahib olmağı bacarıb. Azad ticarət zonası təcrübəsi Azərbaycana da böyük faydalar gətirə və həmin zonanı kiçik Dubaya çevirə bilər. Ekspertlər hesab edirlər ki, Azərbaycanın digər bölgələrində də Azad Ticarət Zonası yaradaraq bu model sayəsində daha çox gəlir əldə etmək mümkündür...
Gəncənin sənaye tarixinin olduğunu xatırladan ekspert Vüqar Bayramov Azad İqtisadi Zona yaratmaqla yeni istehsal sahələrinin yaradıla biləcəyini deyir. Nəqliyyat infrastrukturu da nəzərə alınsa, həmin məhsulları xaricə ixrac etmək də heç bir çətinlik törətməyəcək.
Vüqar Bayramov dünya ölkələrinin İrana münasibətinin dəyişməsindən sonra Cənub bölgəsində də yeni iqtisadi zonanın yaradılmasının fayda gətirəcəyi fikrindədir.
Azad İqtisadi Zonalarda əsas ixrac məhsulları əsasən sənaye və kənd təsərrüfatı sahələrini əhatə edəcək. Çünki hazırda Azərbaycanın potensialı bu iki istiqamət üzrə daha real görünür. İqtisadi Zonaların çoxluğu ölkənin ixrac qabiliyyətini artırmaqla Azərbaycana valyuta axınını da təmin edəcək.