Güclü külək ötən gecə Bakıda bir sıra fəsadlar törədib.
Xezerxeber.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində daş hasar uçub, bir avtomobilə xeyli ziyan dəyib.
Avtomobil sahibinin sözlərinə görə, hasarla bərabər evin dəmir darvazası da aşıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobilə xeyli ziyan dəyib.
Xətai rayonu, Səməd Bəy Mehmandarov 92 ünvanında isə külək iri çinar ağacının budağını qırıb. Aşan ağac binanın qarşısındakı yolu tamamilə bağlayıb. Bu hadisə zamanı da xəsarət alan olmayıb.
Sakinlər ərazi üzrə mənzil komunal istisimar sahəsinə məlumat veriblər. Səhər saatlarında sözügedən qurumun əməkdaşları aşan iri ağacı kəsərək yolu açıblar. Elə həmin küçədə başqa bir ağacın aşması isə elektrik kabelinin qırılmasına səbəb olub.
Bənzər vəziyyət Suraxanı rayonu, Zaur Şərifov küçəsində də olub. Qurumuş və qəzalı vəziyyətə düşən ağacın aşması zamanı bir avtomobilə zərər dəyib.
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində aşan ağac isə az qala faciəyə səbəb olacaqmış.
Qeyd edək ki, ötən gün güclü külək Nərimanov rayonu, Təbriz küçəsində bədbəxt hadisəyə səbəb olub. 23 yaşlı Fikrət Ağayev marketə girmək istəyən zaman onun üzərinə dam örtüyü düşüb. Fikrət Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə 1 saylı Xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Bakı Şəhər İcra Hakimiyətinin Yaşıllaşdırma Təsərüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun ''Xəzər Xəbər''ə verdiyi məlumata görə, paytaxt ərzisində 30-a yaxın ağac aşıb. Səhər saatlarından etibarən aşan ağaclar təhlükəsizlik təmin edilməklə ərazilərdən götürülüb. Aşma təhlükəsi olan ağaclar isə qeydə alınıb və yaxın günlərdə onlar da kəsiləcək.
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün də fasilələrlə yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Noyabrın 4-də rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: